Qazaxıstanın Almatı şəhərindəki Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Türk Akademiyasının (mənzil-qərargahı Astanada yerləşir) nəşr etdirdiyi kitabların təqdimatı olub.

Mərasimdə Türk Akademiyasının vitse-prezidenti Ashat Kesikbayev, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin prorektoru Erkin Duseynov, Türkiyənin  Almatıdakı baş konsulu Evren Muderrisoğlu, həmçinin türkdilli ölkələrdən alimlər iştirak ediblər.

Təqdim olunan nəşrlər arasında Krım-tatar şairi, görkəmli dilçi alim, türkoloq, elmi fəaliyyətinin əsas hissəsi Azərbaycanda keçən Bəkir Çobanzadənin qazax dilinə ilk dəfə tərcümə edilmiş “Tiltutka” seçilmiş əsərlər toplusu da var.  Kitaba yazıçının uzun illər apardığı araşdırmalar nəticəsində ərsəyə gətirdiyi əsərlər daxil edilib.

Həmçinin Türk Akademiyasının 30-dan çox sahəni əhatə edən “Türk dillərinin terminoloji lüğətləri” kitabının nəşri layihəsi təqdim olunub. Növbəti nəşr iqtisadiyyat, tibb və hərbi məsələlərə həsr olunan lüğətlərdən ibarətdir. Türk ölkələrindən mütəxəssislərin iştirak etdiyi bu layihə üzərində iş elmi terminologiyanın standartlaşdırılması və türk ölkələri alimlərinin bir araya gəlməsi istiqamətində mühüm addımdır.

Bundan əlavə, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Canseyit Tuymebayevin monoqrafiyası təqdim olunub. Əsər türk-monqol dili paralellərinin tədqiqatçılarına yeni üfüqlər açır.

Türk Akademiyasının vitse-prezidenti Ashat Kesikbayev iştirakçılara qurumun prezidenti Şahin Mustafayevin salamlarını çatdırıb. O, yeni nəşrlərin əhəmiyyətini vurğulayaraq, onların, sadəcə, elmi əsər deyil, eyni zamanda türk xalqlarının mədəni-tarixi irsinin qorunub saxlanılması və artırılması üzrə ümumi işə sanballı töhfə olduğunu qeyd edib.

Türk Akademiyasının 2024-cü il üzrə nəşrlər planına ümumilikdə 60-dan çox kitab daxildir.