Oktyabrın 15-də dünya ədəbiyyatı tarixində ən gənc klassiklərdən birinin – taleyin cəmi 13 illik yaradıcılıq nəsib etdiyi Mixail Lermontovun (1814–1841) anadan olmasının 210 ili tamam olur. Qısa ömür və yaradıcılıq fəaliyyətində Lermontovun poeziya, nəsr və dramaturgiya sahəsində yaratdığı əsərlər onun adını dahi yazıçılar sırasına həkk edib.
Rusiya ədəbiyyatına dair silsilə kitabların müəllifi Reyhan Mirzəzadənin bu yaxınlarda çapdan çıxan “Qafqazın poetik abidəsi” kitabı M.Lermontovun 210 illiyinə töhfədir.
Kitabda Lermontovun mübarizə dolu həyatı, xəlqilik prinsipləri ilə zəngin yaradıcılığı, ömrünün Qafqazla bağlı səhifələri əksini tapıb, bu yerlərin əsrarəngiz təbiətinə, Qafqaz xalqlarına həsr etdiyi əsərlərə, həmçinin azərbaycanlı, eləcə də digər ölkə şairlərinin onun haqqında qələmə aldığı şeirlərə yer verilib.
Müəllif Tiflisdə Lermontovun gənc və istedadlı azərbaycanlı şair, yazıçı Mirzə Fətəli Axundzadə ilə görüşü və səmimi söhbətlərini də maraqlı detallarla təqdim edir.
Lermontov yaradıcılığı XIX əsr rus ədəbiyyatının yeni yüksəliş dövrü olub və özündən sonrakı rus şair və yazıçılarına böyük təsir göstərib. Lermontovun əsərləri rəssamlıq, teatr və kino sahəsində geniş əks etdirilib, poeziyası opera və romans yaradıcılığı üçün ədəbi sərvət olub, şeirlərinin bir çoxu xalq nəğmələrinə çevrilib.
Azərbaycanda da dahi rus şairinin yaradıcılığına rəğbət var. O, ömrünün Qafqazda keçən dövründə Azərbaycanda da olub, bu diyarın xalqlarının həyat tərzi, adət-ənənəsi, zəngin folkloru ilə yaxından tanış olub. Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanı, “İsmayıl bəy”, “Mtsıri”, “Demon” poemaları və bir çox şeirləri Qafqaz mövzusu ilə bağlıdır.