Muzey Mərkəzinin sərgi qalereyasında Türkiyənin SAKÜDER – Beynəlxalq Sənət və Sənətkarlar Topluluğu Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan qardaşlığına həsr olunmuş növbəti “Anadoludan əsintilər” adlı sərgi açılıb.
Oktyabrın 4-də keçirilən açılış mərasimində SAKÜDER-in rəhbəri Əli Naki Əsər sərgi haqqında məlumat verib. “Məqsədimiz sənəti yaşatmaq üçün sənətkarları dəstəkləmək, mədəniyyətimizi gələcək nəsillərə ötürmək və cəmiyyətimizin güzgüsü olan rəssamlarımızı, onların əsərlərini ictimaiyyətə təqdim etməkdir. SAKÜDER rəssamın fırçası, yazıçının qələmi, musiqinin səsi, bir sözlə, sənətçinin səsi olmaq üçün var olmağa davam edəcək”, – deyə o əlavə edib.
Sərgidə Azərbaycan və Türkiyə rəssamlarının – ümumilikdə 25 müəllifin 53 əsəri nümayiş olunur.
Onların arasında Xalq rəssamları Tofiq Ağababayev və Arif Hüseynov, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin əsərləri, eləcə də Suğra Bağırzadə, İsa Məmmədov, Fikrət İbrahimli, Günəş Abbas, Bənövşə Ağayeva, Cəmilə Əkbərova, Fərəh Babayeva, Fatma Ulutan, Fatma Perihan Türkçü, Nuranə Babayeva, Nur Yıldırım, Sevda Rüstəmova, Sevinc Seles, Sibel Acar Kutlu və başqalarının əl işləri var.
Sərgi oktyabrın 13-dək davam edəcək.