Bu “Palata”da xəstə yoxdur?!
“6 nömrəli palata” böyük rus yazıçısı Anton Çexovun əsərləri içərisində sarsılaraq oxuduğum nümunədir. Hekayədə, əslində, hamı özündən nə isə tapır. Sözsüz ki, qəhrəmanların arasında ola biləcəkləri (bəlkə də olduqları) ehtimalından başqa. Bu, psixologiyada inkaretmə refleksi kimi qiymətləndirilsə də, bədii mətn kimi hekayə özü fərd olaraq hamımızın nə zamansa baş vurmalı olduğumuz gerçəkliyə dar dəhlizdir. O dəhliz ki, keçməmək üçün ömür yolumuzu dolayı yollardan salırıq.
Əsərə bir neçə il əvvəl yaranan və fəaliyyəti indi gözə dəyməyən müstəqil “Sıfır” teatrındakı gənclərin təqdimatında baxmışdım və bəyənmişdim. Məhdud texniki imkanlar və məkan kasadlığında absurd üslubda qurulan tamaşada ən çox cəlb edən bir heçlik vurğusu idi. Orada istifadə edilən rekvizitlər ekoloji böhranın “tərənnümü” olaraq tullantı məhsullarından hazırlanmış və bizi qəhrəmanlarının verdiyi “dəlidən doğru xəbər”in atmosferinə salmışdı.
Akademik Musiqili Teatrın çoxdan hazırlamağa başladığı və bu mövsümdə ilk premyera kimi (3 oktyabr) təqdim etdiyi “Palata” özündən əvvəlki nümunədən heç də geri qalmır. Amma akademik teatr səhnəsi üçün vacib tələblər var ki, onların pozulmasının üzərindən keçmək olmur...
Tamaşa Əməkdar incəsənət xadimi Bəhram Osmanovun səhnələşdirməsi əsasında hazırlanıb. Janrı “tragikomik düşüncə” kimi müəyyən olunan səhnə əsərinin quruluşçu rejissoru Ər-toğrul Kamal, rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Vüsal Rəhimdir.
Obrazları Ərtoğrul Kamal (Dilənçi), Zaur Əliyev (Yevgeni Xobotov), Nicat Əli (Xəstə), Türkel Tariqpeyma (Professor), Hüseyn Əlili (Andrey Yefimiç), Fərid Rzayev (Nikita), Cəbrayıl Cəbrayılov (Şizofren), eləcə də xor artistləri Rəşad Rüstəmli, Orxan Mirzəyev, balet artisti Hüseyn Heydərli canlandırırlar.
Burada bir haşiyə çıxaraq deyim ki, Bəhram Osmanov özü bu əsərə hələ 1994-cü ildə televiziya tamaşası (AzTV-nin “Sabah” eksperimental yaradıcılıq emalatxanası) kimi quruluş verib.
Bu “Palata”da hadisələr ətrafı köhnə xarabalıqlarla əhatələnmiş xəstəxana küncündə baş verir. Buradakılar unudulmuş, tərk edilmiş xəstələrdir. Onlara kimsə baş çəkmir. Hərəsinin bir ayrı xəstəliyi var: biri gecə-gündüz qüssə içində olur, biri səhərdən-axşama kimi küçələrdə dilənir, hamıya qulluq edir, yoldaşlarına su verir. Özü də bu xidmətləri yazığı gəldiyi üçün və ya humanistliklə etmir. Sadəcə, özünü belə xilas edir.
Gənc xəstə İvan (aktyor N.Əli) bura təqibolunma xəstəliyindən əziyyət çəkdiyi üçün salınıb. Üsyankar, savadlı, mühakimə qabiliyyəti olduğundan barışmaz mövqeyinə görə tez-tez əziyyət çəkir. Hətta cəza olaraq saçları da qırxılır. Nəzarətçi Nikitanın (F.Rzayev) qəzəbinə düçar olur.
Biz onu sonra daha yaxşı tanıyırıq: universitetdə oxuyarkən atasını, sonra isə anasını itirib. Bir gün küçə ilə gedərkən ona elə gəlir ki, kimsə onu təqib edir. Beləcə, onda bu fobiya yaranır və nəticədə bu palatanın sakininə çevrilir.
Hər şeyə laqeyd yanaşan, öz dünyasından xoşbəxt gülüşlər saçaraq “Stanislav ordeni” gözləyən Şizofren (C.Cəbrayılov), digər xəstələr də ətraflı təsvir olunub.
Sözsüz ki, tamaşanın müəyyən mesajları, dərin qatlardan şaxələnən fikir axını da var: cəmiyyətdə dəli-ağıllı anlayışları arasındakı ani keçiddə özünü itirsən, aqibətin bu palatadır.
Məsələn, Yevgeni Xobotov (Z.Əliyev) açıq beyinlə düşünə bilən, daha doğrusu, vəziyyətə etiraz etmək istəyən, düşüncələrini dürüst ifadə edib, hisslərinin sözə çevirən həkimi Andrey Raqini (H.Əlili) dəlixanaya salır.
Bu məqamda Professor (T.Tariqpeyma) ön plana çıxır. O, sevdiyi kişinin xəstələndiyi qənaətinə gəlir və onu palataya salmaq üçün əlindən gələni edir.
Tamaşadakı hadisələr bu məqamdan sonra fərqli məcraya köklənir və biz bir zamanlar xoşbəxt ola bilməyən, illərini bu xəstəxanada keçirməkdən bezən həkimin üsyanını görürük. O, nəzarətçi Nikitaya “Bura çox qaranlıqdır, soyuqdur, qorxuram, işıqları yandır” əmri versə də, səsini xırp kəsəcəyi münasibəti görür və anlayır: Nikita onu da digər xəstələr kimi qamçılayacaq, keçəl edəcək, söyəcək...
Yuxarıda da dediyim kimi, hekayət vahiməli, sarsıdıcıdır. Mürəkkəb xarakterlər, fəlsəfi dialoqlar, ağıllı insanın yalqızlığı bu hekayənin əsas motivləri olduğundan rejissor da müvafiq quruluş həllinə çalışıb. Amma özünün və aktyorlarının gücü çatdığı qədər.
Məsələn, xəstəxananın baş həkimi Raqin aktyor gücünə adekvat deyildi. Hətta bir səhnədə bu elə aydın görünürdü ki, tamaşaçı kimi aktyor özü də o anda orada nə etdiyini tam kəsdirə bilmirdi. Səhnə belədir: həkim bir gün dəliləri ziyarət etməyə gəlir. Xəstə İvanla arasında yaşanan söhbət onu sarsıdır. Ağıl ilə dəlilik arasındakı sərhəd, yaşantı və elm, əzab haqqında düşüncələr, fərqli prizmalarda baxış aktyorun ifasında özünü ifadə edə bilmir. Bəlkə də, rejissorun tragikomik-düşüncə kimi təqdim etdiyi nümunədə biz o kədərli komediyanın işartılarını məhz həkimin obrazı vasitəsilə gözlədiyimizdən (və görə bilmədiyimizdən) xəyal qırıqlığı yaşayırıq.
Başqa bir detal. “Xəstələndirilərək” palata sakininə çevrilən həkim səhnənin ortasında dayanır və dəli köynəyini geyinmək üçün qurşağadək soyunur və tamaşaçı aktyorun xüsusi kremlə bronzlaşdırılmış bədənini görür. Rejissor əsərdən irəli gələn daha təsirli detallar qala-qala bu səhnə ilə nə demək istəyir?
Amma xəstə İvanın saçının qırxılması səhnəsi inanılmaz təsirli idi. Ümumiyyətlə, N.Əli, Z.Əliyev, F.Rzayev, C.Cəbrayılov yaddaqalan oyun sərgilədilər. Xüsusilə C.Cəbrayılov öz planında uğurlu seçim idi.
Amma tamaşanın cütlüyü H.Əlili və T.Tariqpeyma üçün bunu deməyə çətinlik çəkirəm. Onların oyunun alınması üçün əlavə bir neçə “proqon”a ehtiyac var.
Əslində, tamaşanın bitkin alınmamasının bir səbəbi də rejissorun vahid dramaturji xətti düzgün müəyyən etmədən quruluşa qaçmasıdır. Məsələn, musiqi tərtibatından söhbət belə gedə bilməz və bu mənada teatrda musiqi məsələlərinə cavabdeh şəxsi qınamaq olar.
Mümkündür ki, bundan sonrakı abzas emosional təyin təsiri bağışlayacaq, amma onu da deyim. Bu teatrda tamaşa quran yeni nəsil rejissorlar mövcud geniş imkanlardan – xor, balet, orkestr – niyə istifadə edib, tamaşanın ifadə texnikalarını zənginləşdirmirlər? Düzdür, müəyyən əsərlər var ki, hər üçünü bir anda tələb eləmir. Amma nəzərə alaq ki, musiqisi primitiv tərtibat olan tamaşalarda üslub və janr ilə həmahəngliyin pozulması səhnə təfsiri və aktyor ifası baxımından ciddi qüsurdur. Ümid edirik ki, bundan sonra ən azı psixoloji qatlarında dərin düşüncə tələb edən əsərlərin musiqi tərtibatında “qorodok”lar dolanbaclarında azmayacağımız işıqlı nümunələr bizi gözləyir.
İşıqlı dedim, yadıma tamaşanın ən yaddaqalan, ürəkaçan iki məqamı düşdü: işıq və səhnə tərtibatı. Bunda Vüsal Rəhimin əməyi və fərqli yanaşması göz oxşayırdı. Məsələn, fırlanan səhnədə əks istiqamətə gediş, eləcə də “Ədalət nə vaxt gələcək?” sualına “Qırmızı qar yağanda” (balaca qırmızı top yağışı) kimi cavab-təsviri bəyaz dəli köynəklərini və çarmıx, qəfəs anlamlarına eyham olan döşəmə və çarpayını daha ifadəli edir...
Həmidə Nizamiqızı