Türkiyənin gənclərdən ibarət nümayəndə heyəti 6-7 oktyabr tarixlərində Lənkəran şəhərində olub. Qardaşlıq səfəri iki ölkənin Gənclər və İdman nazirlikləri arasında “Mütəxəssis mübadilə proqramı” çərçivəsində təşkil olunub.
Türkiyəli gənclər Lənkəran Gənclər Evində dərnəklərin fəaliyyəti ilə tanış olublar. Gənclər Evinin könüllüləri ilə çay süfrəsi ətrafında söhbət təşkil edilib, könüllülük fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində türkiyəli gənclər Lənkəran şəhərinin tarixi abidələrinə, gəzməli və görməli yerlərinə də böyük maraq göstəriblər. Onlar Tarix-Diyarşünaslıq Muzeyi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları generalı Həzi Aslanovun şəhərdəki ev-muzeyində olub, Xanbulan gölünün mənzərəsini seyr ediblər. Qonaqlar cənub bölgəsindən zəngin təəssüratla ayrılıblar.
Zəfər Orucoğlu