Oktyabrın 9-da Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü ilə bağlı tədbir keçirilib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov məktəbin pedaqoji kollektivini, şagirdləri və onların valideynlərini təbrik ediblər.

Firudin Qurbanov 23 nəfərlik pedaqoji heyətin Cəbrayıl sakinlərindən ibarət  olmasını sevindirici hal kimi qeyd edərək iki il sonra rayonun bu qocaman məktəbinin 150 illik yubileyinin qeyd ediləcəyini də diqqətə çatdırıb, şagird və müəllimlərə tədris nailiyyətləri arzulayıb.

Vahid Hacıyev bildirib ki, bu gün Cəbrayılda böyük infrastruktur layihələri həyata keçirilir, yeni müəssisələr qurulur. O, Mehdi Mehdizadə adına orta məktəbin şagirdlərinin gələcəkdə həmin müəssisələrin mütəxəssisi olaraq çalışacaqlarına inamını ifadə edib.

Millət vəkili Ceyhun Məmmədov vaxtilə bu məktəbdə təhsil aldığını diqqətə çatdırıb. İşğaldan azad edilən bölgələrimizin yenidən qurulması və dirçəlməsi üçün həyata keçirilən davamlı tədbirləri vurğulayan Ceyhun Məmmədov burada müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılmasını qürurverici hal kimi qiymətləndirib.

İllər əvvəl təhsil aldığı tədris ocağına rəhbərlik etməkdən qürur duyduğunu deyən məktəbin direktoru Şəlalə Qasımlı da çıxışında sevinc hisslərini bölüşüb.

Digər çıxış edənlər də məktəb kollektivinə uğurlar arzulayıblar.

Sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub, dərs prosesi izlənilib.

Qeyd edək ki, 960 şagird yerlik məktəbdə 2024–2025-ci tədris ilində təhsil alacaq şagird sayı hələlik 133 nəfərdir. 16 uşaq isə məktəbəhazırlığa cəlb olunub.