Xəbər verdiyimiz kimi, 23-24 iyun tarixində Qəbələ rayonunda V Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.

Forum çərçivəsində Heydər Əliyev Konqres Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Rusiyanın turizm sənayesi nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
"Turizm sahəsində yeni əməkdaşlıq imkanları" mövzusunda dəyirmi masada moderatorluğu Azərbaycan tərəfindən nazir müavini Nazim Səmədov, Rusiya tərəfdən isə Turizm üzrə Federal Agentliyin sədr müavini Qriqori Sarişvili edib. Görüşdə iki ölkənin turizm sənayesinin nümayəndələri, o cümlədən Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov və başqaları iştirak edib. İki ölkənin turizm potensialı, turizm sahəsində mövcud və gələcək əməkdaşlıq formaları ətrafında fikir mübadiləsi aparılıb. Bu cür görüşlərin gələcəkdə videokonfrans formasında da həyata keçirilməsi haqqında təkliflər irəli sürülüb.
Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov qəzetimizə açıqlamasında bildirdi ki, dəyirmi masa iştirakçıları Xəzər dənizi boyunca kruiz səfərlərinin təşkili məsələsini də müzakirə ediblər. Əvvəllər mövcud olan, Arxangelskdən Xəzərədək gəmi səyahəti marşrutunu bərpa etmək istiqamətində danışıqlar aparılıb.
Görüş zamanı AZTA-nin Ural və Həştərxan turizm assosiasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalanıb. Nahid Bağırov qeyd etdi ki, forum çərçivəsində Rusiya Federasiyası Tatarıstan Respublikasının turizm nümayəndələri ilə də görüşüblər: «Qərara gəldik ki, iyul ayında Azərbaycanın turizm sənayesinin və kütləvi informasiya vasitələrinin nümayəndələri Tatarıstana səfər etsinlər. Sonrakı mərhələdə Kazandan Azərbaycana bir qrup infotura gələcək. Daha sonra isə Ural və Həştərxana belə qarşılıqlı səfərlərin təşkili nəzərdə tutulur».
AZTA sədrinin sözlərinə görə, forum bir daha təsdiq etdi ki, Azərbaycan Rusiya üçün çox önəmli bir turizm istiqamətidir: «Rusiyalı qonaqlar etiraf edirdilər ki, bu gün Azərbaycanın turizm mərkəzləri xüsusilə gənc rusiyalılar arasında populyardır».
Nahid Bağırov rusiyalı turistlərin Bakı ilə yanaşı, bölgələrə də maraq göstərdiklərini dedi: “Orta nəslin nümayəndələri daha çox Naftalanı seçir. Şəkiyə, Lahıca getmək istəyənlər də çox olur. Hesab edirəm ki, Rusiyanın turizm təmsilçiləri ilə görüşlərimiz mütəmadi olmalıdır. Çünki bu görüşlər nəticəsiz qalmır».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar