Son dörd ildə qədim Ağsu şəhər yerində aparılan arxeoloji tədqiqatlar arxeoloji turizm məhsulunu meydana gətirib. Konservasiya və bərpa olunmuş kompleksə turistlərin maraqları artır. Layihədə bilavasitə iştirak etmiş “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, “Heritage Travel” şirkətinin rəhbəri Fariz Xəlilli deyir ki, dünyada arxeoloji turizm getdikcə daha çox populyarlıq qazanır: “Düzdür, həmişəki kimi insanlar istirahətə də, müalicəvi turlara da önəm verirlər. Amma artıq dünyada belə bir tendensiya var ki, insanlar maariflənməyə, bilgilənməyə də üstünlük verir. Bu baxımdan biz də arxeoloji turlar elan etdik. «Orta əsr Ağsu şəhəri» Arxeoloji Turizm Kompleksi və onun ətrafındakı abidələri əhatə edən arxeoturlarımız var. Bundan əlavə, «Şirvan xəzinəsinə aparan yollar» mədəni irs turumuz, Bakıda «Bir qalanın sirri», Qobustan və palçıq vulkanları, Oğuz rayonunda Surxay xan qalasına, Filfilli kəndinə və onun ətrafındakı abidələrə, Quba ətrafındakı tarixi memarlıq abidələrinə təşkil etdiyimiz turlar var. Bu yaxınlarda Şəmkir və Gəncə turlarımız da olacaq».
Həmsöhbətim Azərbaycanda arxeoloji turizmin inkişaf perspektivlərindən danışaraq bildirdi ki, ötən əsrin 20-ci illərində arxeoloji tədqiqatlar genişlənib və dövlət səviyyəsində bir sıra işlər görülüb: «Lakin bu gün həmin tədqiqatların aparıldığı yerlərdə heç nə görmək mümkün deyil. Ərazini ot basıb, konservasiya edilmədiyindən arxeoloji turizm məhsuluna çevrilməyib və insanların ziyarəti mümkün olmayıb. Bəzi hallarda həmin qazıntıların tapıntılarını muzeylərdə görmək olar”.
Son illər Bakıda, Tovuzda, Naxçıvanda, Şəmkirdə, Qəbələdə və digər yerlərdə aparılan arxeoloji tədqiqatlardan sonra bəzi abidələr konservasiya olunub. Bu məkanlara turların təşkilinə gəlincə, bunun üçün infrastrukturun yaradılması əsas məsələlərdən biridir. Abidələrə gedən yolların bərpası, turistlərin qalması üçün şəraitin yaradılması olduqca vacibdir: «Təbliğat olmadan insanları bu ziyarətlərə cəlb etmək çətindir. Buna nail olmağa başlamışıq. Çox sevindiricidir ki, artıq bölgələrimizdəki abidələrin yaxınlığında olan kəndlərin sakinləri də ziyarətlərə gəlir və bu yerlər haqda övladlarını məlumatlandırırlar. Turlarımız yerli və xarici turistlərin marağına səbəb olur. Biz vaxtaşırı olaraq əhalimizin arxeoloji abidələri hansı səviyyədə tanıdıqlarını öyrənmək üçün sorğular keçiririk. Çalışırıq ki, bu sahədə bilikləri artırmaq üçün müvafiq qurum və təşkilatlarla birgə iş aparaq».
Fəxriyyə Abdullayeva