Azərbaycan

 

16 oktyabr 1923 – Xalq yazıçısı, şair, ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev; 1923 – 8.7.2013) Masallı rayonunun Mollaoba kəndində doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirin dəyərli nümunələrini yaradıb. BDU-nun professoru olub.

16 oktyabr 1923 – Əməkdar incəsənət xadimi, bəstəkar Asya Baxış qızı Sultanova (1923 – 22.11.2021) Bakıda anadan olub. 1950-ci illərdən Moskvada yaşayıb, mahnılarını dövrün məşhur müğənniləri oxuyublar.

16 oktyabr 1926 – Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Hacı oğlu Mustafayev (1926 – 10.4.2008) anadan olub. “Vaqif”, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir. 1940-cı illərdə Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

16 oktyabr 1935 – Yazıçı və kinodramaturq Əli Hüseyn oğlu Qafarov (1935–1979) anadan olub. “Azərbaycanfilm”də çəkilmiş bir neçə bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli filmlərin ssenari müəllifidir.

16 oktyabr 1946 – Kinooperator Köçəri Məmmədov (1946–2008) Gədəbəy rayonunda doğulub. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.

 

17 oktyabr 1915 – Operator, rejissor, Xalq artisti Cavanşir Musa oğlu Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-45) Mərkəzi sənədli filmlər studiyasında fəaliyyət göstərib. Bakı kinostudiyasında sənədli filmlər çəkib.

17 oktyabr 1924 – Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924 – 17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.

17 oktyabr 1936 – Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 – 7.1.1999) anadan olub. “Güllələr dənizdə sönür”, “Qızıl yəhərli at” və s. kitabların, “Vulkana doğru” filminin ssenari müəllifidir.

17 oktyabr 1949 – Tanınmış dilçi alim, türkoloq, filologiya elmləri doktoru Məhəbbət Mirzəxan qızı Mirzəliyeva (1949 – 22.7.2016) Bakıda anadan olub.

17 oktyabr 2003 – Şair Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 – 2003) vəfat edib. Bir çox şeirlərinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. “Azərbaycanfilm”də baş redaktor işləyib, “Doğma sahillər” filmində çəkilib.

17 oktyabr 2017 – Prezident İlham Əliyev böyük bəstəkar, pedaqoq, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

18 oktyabr 1926 – Teatr rejissoru, pedaqoq Nəsir Müseyib oğlu Sadıqzadə (1926–1996) Şuşada anadan olub. Akademik Dram, Gəncə, Sumqayıt və b. teatrlarda çalışıb, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Filmlərdə (“Qətl günü”, “Bəxt üzüyü”) çəkilib. 

18 oktyabr 1949 – Əməkdar incəsənət xadimi, tanınmış rejissor, aktyor Vaqif İbrahimoğlu (Həsənov; 1949 – 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. Musiqili Komediya, Milli Dram teatrlarında tamaşalar hazırlayıb. 1989-cu ildə “Yuğ” teatrını yaradıb. Filmlərdə çəkilib: “Qəm pəncərəsi”, “Otel otağı” və s.

 

19 oktyabr 1898 – Əməkdar elm xadimi, ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadə (1898 – 29.3.1976) Bakıda anadan olub.

19 oktyabr 1932 – Əməkdar incəsənət xadimi, rəssam Sara Məmmədağa qızı Manafova (1932 –13.8.2007) Bakıda anadan olub. Füzulinin “Leyli və Məcnun” poemasına triptix, “Xocalı faciəsi. Haray” və s. tabloların müəllifidir. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır.

19 oktyabr 1962 – Əməkdar rəssam, heykəltaraş Seyfəddin Əli oğlu Qurbanov (1962 – 16.11.2021) Naxçıvan MR Şərur rayonunun Siyaqut kəndində doğulub. Ukraynada yaşayıb, bu ölkənin Xalq rəssamı adına layiq görülüb. İ.Nəsiminin Kiyevdəki heykəlinin (2019) müəllifidir.

19 oktyabr 1972 – Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893 – 1972) vəfat edib.

19 oktyabr 1995 – Prezident Heydər Əliyev görkəmli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Rəşid Behbudovun 80 illiyi haqqında sərəncam imzalayıb.

19 oktyabr 2005 – Prezident İlham Əliyev görkəmli xalçaçı-rəssam Kamil Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

20 oktyabr 1905 – Yazıçı Leo (Lev) Abramoviç Nusenbaum (Nussimbaum; 1905 – 27.8.1942) Bakıda anadan olub (bəzi mənbələrə görə, Kiyevdə doğulub, körpə ikən ailəsi Bakıya köçüb). 1920-ci ilədək Azərbaycanda yaşayıb, sovetləşmədən sonra Avropaya mühacirət edib. Məhəmməd Əsəd bəy, Qurban Səid təxəllüsləri ilə əsərlər yazıb. “Əli və Nino” romanı ilə şöhrət qazanıb.

20 oktyabr 1906 – Əməkdar artist İbrahim Ağahüseyn oğlu Hüseynov (Şünasi; 1906–1961) Bakıda doğulub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb.

20 oktyabr 1910 – İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (1910 – 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.

20 oktyabr 1913 – Tanınmış şair, respublika Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə;  1913 – 27.9.1977) İrəvanda doğulub. Ədəbi nəşrlərə rəhbərlik edib. Sovet şairlərinin şeirlərini rus dilindən  Azərbaycan dilinə tərcümə edib.

20 oktyabr 1917 – Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917 – 4.5.1975) Tiflisdə doğulub. 1937-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.

20 oktyabr 1922 – Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 – 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini bir çox ölkələrdə tanıdıb. Bülbül adına Orta ixtisas musiqi məktəbində dərs deyib.

20 oktyabr 1931 – Əməkdar incəsənət xadimi, tanınmış heykəltaraş, Dövlət mükafatı laureatı Telman Heydər oğlu‎ Zeynalov (1931 – 12.1.2024) Bakıda anadan olub.

20 oktyabr 1995 – Əməkdar artist Mustafa Hüseyn oğlu Sərkarov (1905-1995) vəfat edib. Gəncə Dram Teatrında aktyor, truppa müdiri işləyib.

 

Dünya

 

16 oktyabr 1888 – Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1936) Yudjin O’Nil (Eugene Gladstone O’Neill; 1888–1953) anadan olub.  Pyesləri: “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət”.

16 oktyabr 1927 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Wilhelm Grass; 1927 – 13.4.2015) anadan olub. Əsərləri: “Tənəkə təbili”, “Pişik və siçan”, “İt illəri”, “İblisin gündəliyindən”.

 

17 oktyabr 1849 – Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin; 22.2.1810 – 1849) vəfat edib. Vals, noktürn, ballada, sonata və digər janrlarda əsərlərin müəllifidir.

17 oktyabr 1915 – Amerika dramaturqu Artur Miller (Arthur Aster Miller; 1915–2005) anadan olub. Əsərləri: “Mənim bütün oğullarım”, “Kommivoyacerin ölümü”, “Sərt sınaq” və s.

 

18 oktyabr 1859 – Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927) Anri Berqson (Henri-Louis Bergson; 1859–1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiya və yaddaş”.

18 oktyabr 1926 – Amerika müğənnisi və bəstəkarı, rok-n-rollun ilk ifaçılarından biri Çak (Çarlz) Berri (Charles Edward Anderson Berry; 1926–2017) anadan olub.

 

19 oktyabr 1899 – Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias; 1899–1974) anadan olub. Əsərləri: “Senyor prezident”, “Dəfn olunmuşların başçısı” və s.

 

20 oktyabr 1854 – Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud; 1854–1891) anadan olub.

20 oktyabr 1919 – Başqırd şairi Mustay (Mustafa) Kərim (1919–2005) anadan olub.

Hazırladı: V.Orxan