Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi istiqamətində layihələri davam etdirir.

Quba Soyqırımı Memorial Kompleksi və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müraciətinə əsasən, həmin qurumların əməkdaşları üçün treninq təşkil olunub.

Mərkəzdən bildirilib ki, oktyabrın 7-11-də onlayn qaydada keçirilən treninq çərçivəsində BBMM-in icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, BBMM-in İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli, Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadov, Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi Leyla Hacıyeva, BBMM-in baş məsləhətçisi Araz Qurbanov, aparıcı məsləhətçi Billurə Aslanova, məsləhətçi Tahirə Ələsgərova mühazirə oxuyublar.

“Azərbaycan multikulturalizmi fənninin predmeti və əhəmiyyəti”, “Dünya ölkələrində multikulturalizm modelləri”, “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları”, “Çoxkonfessiyalılıq və Azərbaycan Respublikasının multikulturalizm siyasəti”, “Azərbaycançılıq və multikulturalizm” və digər mövzularda mühazirələr təqdim edilib.

Treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.