Altı aydır davam edən festival sona yaxınlaşır

 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə altı aydır davam edən Mədəniyyət Yolu Festivalı sona yaxınlaşmaqdadır. Festivalın 14-cü dayanacağı olan Diyarbəkir 12–20 oktyabr tarixlərində “Mədəniyyət Yolu”na ev sahibliyi edir.

Şəhərin Sur rayonundakı tarixi İçqala muzey kompleksində keçirilən açılış mərasimində çıxış edən Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu artıq 3-cü dəfə Mədəniyyət Yolu Festivalının marşrutu üzərində yer alan Diyarbəkirin tarixi yerləri, turizm potensialı və özünəməxsus qastronomiyası ilə ölkənin öndə gedən yerlərindən biri olduğunu deyib.

“Bizim borcumuz Diyarbəkirin gözəlliklərini, tarixi dəyərlərini və imkanlarını bir daha nümayiş etdirmək və tanıtmaqdır. Bu məqsədlə şəhərin tarixi küçələrinə, zamana meydan oxuyan tikililərə və qədim mədəni irsə yaraşan şəkildə – ümumilikdə 46 yerdə 250-yə yaxın tədbir nəzərdə tutulub. Doqquz gün sürəcək geniş proqrama hər yaşa uyğun konsertlər, sərgilər, sənət görüşləri daxildir”, – deyə o əlavə edib. Batuhan Mumcu festivalın Diyarbəkirin mövcud turizm potensialına da böyük dinamizm gətirəcəyinə inandıqlarını bildirib.

Diyarbəkir valisi Murat Zorluoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi festivalın əhatə etdiyi şəhərlərin sayının hər il artdığını və bu layihənin ölkənin ən mühüm mədəniyyət və sənət hadisəsinə çevrildiyini vurğulayıb.

Sonra İçqala kompleksində qurulan stendlərə baxış keçirilib, Arxeologiya Muzeyində Ənənəvi sənətlər dərnəyinin “Coğrafiya, ənənənin taleyi: Diyarbəkir”, Türk Jokey Klubunun 12-ci rəsm yarışması və digər sərgilərin açılışı olub.

Qeyd edək ki, dördüncü dəfə təşkil edilən Türkiyə Mədəniyyət Yolu Festivalı 2024-cü ildə 16 şəhəri əhatə edir. Aprel ayında Adanada başlayan festivalın proqramında iki marşrut qalıb. 26 oktyabr – 3 noyabrda festivala İzmir ev sahibliyi edəcək, 2–10 noyabrda isə “Mədəniyyət Yolu”nun son dayanacağı Antalya olacaq.

Vüqar Orxan