Deyən şairlə görüşə həyəcansız getmək olardı? Üstəlik, əgər onun şeirləri hər misranı duyaraq tamaşaçı ilə görüşdürən səhnəmizin bənzərsiz aktyorunun ifasında səslənəcəkdisə...

Yağışlı payız axşamı (13 oktyabr) “Bu payız gecəsi boş küçələri, Gəzirəm kimsəsiz bir uşaq kimi” (“Qəfil zəng”) çağırışlı şairlə görüşə həsrətini vüsala çevirən xeyli oxucu axışmışdı. Özü də adama elə gəlirdi ki, onlar da mənim kimi dilində ilişən “Kimisi nəğməli-sazlı, Kimisi başıqapazlı, Kimisi paltar-palazlı, Kimisi çılpaq boğulur” deyə-deyə (“Boğulur”) gəlmişdi...

Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının qapısı önündəki izdiham bir bilsəniz necə xoş mənzərə idi. Deməli, hələ də ümid var. Heç bilirsən nəyə, kimə?!

“Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa”...

arzulu, etiraflı, ehtimallı, nisgilli adamlara.

Heç şübhəsiz, Xalq şairi Ramiz Rövşənlə görüş başdan-başa şeir axşamı idi.

Xalq artisti Nurəddin Mehdixanlı kükrəyişində, arabir ona qoşulan Ramiz Rövşən sevdalılarının titrək səsindən qopan sevgi etiraflarında, sevdikləri şairin seçkin misralarına bələnən duyğu izharında qanad açdı bütün hisslər.

Müəllif özü də onlara qoşulub şeir dedi, ünvanladığımız suallara təbəssümünü qatdığı müdrik cavabları inci dənələri kimi düzdü qaranlıq zaldan sevgi ilə ona baxan gözlərə. Beləcə, dünyaya üsyanını anasına gileylə başlayan,

“Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların qucağından
Bu dünyaya atdı bizi”

deyən şair taleyinə gülümsəməkdən başqa çarəsi olmayan adamların görünməyən alovuna sanki su səpdi.

Nurəddin Mehdixanlı dostu Ramiz Rövşən haqqında özünəməxsus oxucu-tamaşaçı rəyini də bölüşdü. Bildirdi ki, zəmanəmizin böyük şairi özünəməxsus poetikası ilə cəmiyyətin, həyatın, Yaradanın “xəritə”sini ustalıqla çəkərək ilahi bir rabitəyə nail olub. Ramiz Rövşəni daha çox məhəbbət şairi, insan hisslərinin mahir ifadəçisi kimi tanıdığını dedi, dərin fəlsəfi şeirlərindən ibarət bir çələng təqdim etdi, onun poetik ifadələrinin rəngarəngliyinə, bənzərsizliyinə heyranlığını dilə gətirdi.

Söz-sənət gecəsi üçün “Ramiz Rövşənin poeziya dünyası” adı təsadüfən seçilməmişdi. Adının haqqını verən şeir axşamında, özünə də dediyim kimi, “statistika aparılsa, bəlkə də ən çox qadınların sevdiyi” və özünün də dediyi kimi “qadın ruhundan yaxşı anlayan” şairin poeziya gecəsində məhəbbət, ayrılıq, həsrət, vüsal... şeirləri səsləndi.

Beləcə, dinləyicilər gah

“Bölünsəm, dərdim də bölündü bəlkə,
Hər dərdim yüz tikə, min tikə oldu.
Bir dərdim qalmadı özümdən yekə,
Bütün dərdlərimdən mən yekə oldum”

deyən şairə qoşulub “Gəl, əl-ələ tutub gedək, Gedək biz olmayan yerə” getmək üçün səf tutdular, gah da “Yenə də lənət şeytana, Yenə də Allaha şükür” deyib kiridilər, barışdılar.

Görüş boyu hərdən “Bağışla”, “Mən küsüb gedirəm” çağırışları boy verdi, hərdən də payıza inad ovqatımız “Çiçəklər doğulur bu yaz gecəsi, Bu yaz gecəsində ölməyə nə var?”a kökləndi.

Sükuta qərq olaraq ona dikilən nəzərlərdən, sonra o sükutu pozan sürəkli alqışlardan xoşhal olan şair “Bu təkcə mənə yox, poeziyamıza olan bir sevgi, diqqətdir. Əgər burada müəyyən rolum varsa, çox xoşbəxtəm. Nurəddin bəyin də dediyi kimi, biz ədəbiyyatımızı, dilimizi, mədəniyyətimizi, mənəviyyatımızı qoruyub saxlamalıyıq. Arada cavan şairlər mənə “Niyə kiminsə haqqında tənqid demirsiniz” sualını verirlər. Bilirsiniz də, gənclik döyüşkənlik, mübarizədir. Mən də deyirəm şairlə, şeirlə döyüşənlərlə mübarizə aparmışam, ona mane olanlarla döyüşmüşəm. Amma şairlərlə yox. Həmişə demişəm, mən özümə qədərki bütün şairlərə borcluyam. Kağız dövrü bitsə də, geniş virtual aləm var. Deməli, meydan da, təbliğat üçün vasitələr də genişdir. Gərək istedadlı gənclər dayanmasınlar. Bu sevgi, bu münasibət göstərdi ki, yazmağa hələ də səbəb var” deyib təşəkkür etdi.

Sonra bir neçə saniyəlik zala göz gəzdirən şair

“Gündən-günə, get-gedə
Azalmaqdır qocalmaq.
Daha çöldə, küçədə,
Adamların içində
Az olmaqdır qocalmaq”

deyib köks ötürdü, sonra ucadan güldü. Sanki öz-özlüyündə qocalıqla söz davasına çıxdı. Sonunda qalibin özü olacağı söz davasına.

Yerdən tamaşaçıların “Yox, siz qocalmamısınız. Elə deməyin” etirazına cavab olaraq şeriyyət dolu payız axşamına

“Sevənlər tutdu dünyanı,
Sevdi, unutdu dünyanı,
Mən də sevdim, bu dünyanın
Ən gözəl sözünü aldım.

Aldım sözün ağrısını,
Yavanını, yağlısını,
Neçə sözün əyrisini
Düzəldib, düzünü aldım.

Məni də yola saldı söz,
Mən getdim, sizə qaldı söz,
Yenə təptəzə qaldı söz,
Mən sözün tozunu aldım”
la nöqtə qoydu.

Həmidə