Qusar rayonunda yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksi yay mövsümünə start verib. Bu barədə qəzetimizə məlumat verən kompleksin satış və marketinq direktoru Elnarə Fərzəliyevanın sözlərinə görə, turistlərin isti yay günlərində istirahəti üçün 12 növ müxtəlif əyləncə və idman oyunları nəzərdə tutulub. Kompleksdə uşaqların və böyüklərin əylənməsi üçün şərait yaradılıb. Qonaqlara kanatla sürüşmə, bob kart və trotinetdə gəzinti, mobil platforma sürmək, eləcə də dağ velosiped idmanı ilə məşğul olmaq imkanları təklif edilir.
İyul ayının 1-dək peynbol meydançası, qruplar üçün Skandinaviya gəzintisi və səmtləşmə idman növlərinin açılması da planlaşdırılıb. Kompleksdə yay mövsümünə sentyabr ayında yekun vurulacaq.
Elnarə Fərzəliyeva onu da qeyd etdi ki, «Şahdağ»da yay mövsümünə başlaması ilə əlaqədar olaraq hotellərin qiymətləri qış mövsümü ilə müqayisədə 10-20 manat aşağı salınıb. «Zirvə» hotelində (səhər yeməyi daxil) adi günlər 1 gecə 1 nəfər üçün 89 manata, 2 nəfər üçün isə 105 manata başa gələcək. Həftə sonlarında isə qiymətlər nisbətən yüksəkdir: 1 gecə 1 nəfər üçün 99, 2 nəfər üçün isə 115 manat. Hoteldə qalanlar eyni zamanda «Full menyu» variantını da seçmək imkanına malikdirlər. Buraya səhər, nahar və axşam yeməkləri daxildir. «Full menyu»da adi günlər 1 gecə 1 nəfər üçün 124, 2 nəfər üçün isə 175 manatdır. Həftə sonlarında 1 gecə 1 nəfər üçün 134, 2 nəfər üçün 185 manat olacaq.
Kompleksdə fəaliyyət göstərən «Şahdağ» hotelində də adi günlər 1 gecə 1 nəfər üçün 119, 2 nəfər üçün 135, həftə sonunda 1 nəfər üçün 129, 2 nəfər üçün 145 manata başa gələcək. «Full menyu» adi günlər 1 nəfər üçün 169, 2 nəfər üçün 235 manat, həftəsonu 1 nəfər üçün 179, 2 nəfər üçün isə 245 manat təşkil edəcək.
Hotellərin qonaqları üçün kompleksdə kanatlardan, uşaqlar üçün maşınlardan istifadə pulsuzdur. Pulsuz xidmətlərə bələdçi ilə dağlara gəzinti də daxildir.
Fəxriyyə Abdullayeva