Avropa İttifaqının «Azərbaycanda regionların və kənd yerlərinin inkişafı sahəsində yerli təşəbbüslərin dəstəklənməsi» proqramı çərçivəsində «Yerli İdarəetməyə Yardım» İctimai Birliyi İsmayıllı rayonundakı «Green House» istirahət kompleksində iyunun 17-dən 20-dək «Təlimçilər üçün təlim» (TOT) kursu təşkil edib.
İctimai Birliyin rəhbəri Vüsal Mirzəyevin bildirdiyinə görə, «İcma əsaslı turizmin inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsi» layihəsi üzrə keçirilən kursa Masallı, Astara, Lerik, İsmayıllı, Şamaxı və Ağsu rayonlarından 12 nəfər cəlb edilib. Bu təlimçilərin əsas vəzifəsi 6 rayonun kəndlərinə səfər edərək buradakı gənclərə turizm və peşə sahəsində təhsil və iş imkanları haqqında məlumat vermək, bu sahədə karyera qurmaq istəyən gəncləri istiqamətləndirməkdir. Layihənin məqsədi təlimçilər vasitəsilə regionda iş və məşğuliyyət imkanlarının artırılması sahəsində gənclərə yardım göstərməkdir.
Layihə 2016-cı ilin fevral ayına qədər davam edəcək. İyul ayından etibarən hər rayon üzrə təlimçilər kəndlərə gedərək, gənclərlə görüşməyə başlayacaqlar.
Fəxriyyə Abdullayeva