Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra kafedranın müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski açılış nitqi söyləyib.
Müstəqilliyin əvəzsiz nemət olduğunu qeyd edən alim bildirib ki, 1991-ci il oktyabr ayının 18-də Ali Sovetin növbədənkənar sessiyasında 4 gün davam edən gərgin müzakirələrin ardından Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixində yeni dövr başlanıb.
Daha sonra Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Səbinə Məmmədlinin “Dövlətçilik ənənəsinin bərpasına gedən yol” və kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru Arif Əlizadənin “XX əsrin 80-90-cı illərində Azərbaycanda milli azadlıq hərəkatı” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdə Azərbaycanın dövlətçilik ənənələrinin qədim tarixə malik olduğu qeyd olunub, Azərbaycan xalqının milli-azadlıq hərəkatının mərhələlərinə nəzər salınıb. Vurğulanıb ki, müstəqilliyin əbədi, dönməz və sarsılmaz olması düşünən beyinlərin, ziyalı və savadlı gənclərin sayəsində mümkün olacaq.
İnformasiya- kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev də çıxışında əlamətdar günün tarixindən bəhs edib, tədbir iştirakçılarına təbriklərini çatdırıb.