Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dəstəyi ilə çəkilmiş “Şəhidlər unudulanda ölürlər” sənədli filmi oktyabrın 18-də, Dövlət Müstəqilliyinin Bərpası Günündə Ordubad rayonu Mədəniyyət Sarayında nümayiş olunub.

Film İkinci Qarabağ müharibəsində həlak olmuş Ordubad şəhidlərinə həsr edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müavini Arzu Abdullayev, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, digər rəsmilər, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, rayon ziyalıları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AKİ-nin katibi Tahir Tahiroviç film haqqında məlumat verib.

Filmin ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Emin İbrahimov, prodüseri Vidadi Rüstəmovdur.

Nümayişdən sonra icra başçısı Rəcəb Rəhimli filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.