M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar, Əməkdar incəsənət xadimi Kamal Əhmədovun 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Oktyabrın 18-də gerçəkləşən tədbirdə əvvəlcə musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Mustafa Mehmandarov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və tarda Əməkdar artist Zeynalabdin Babayevin müşayiəti ilə solistlər – Əməkdar artist Tural Ağasıyev (tenor), respublika və beynəlxalq müsabiqələr laureatları Fəxri Kazım-Nicat (tenor), Talıb İsgəndərli (bariton), Nigar Əskərova (soprano) və Safura Aslanova (soprano) çıxış ediblər.

Proqramda Xəyyam Mirzəzadənin “Səməd Vurğunun poemasına musiqili illüstrasiyalar”, Kamal Əhmədovun “Vətəndir” romansı (sözləri Elbəyi Maqsudovun), “Azərbaycan bayrağı”, “Əbədi məşəl” əsərləri (sözləri Xanəli Kərimlinin) səsləndirilib.

Sonda səhnəyə çıxan yubilyar bəstəkar konsertin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.