Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli dramaturq, teatr xadimi, şair, nasir Cəfər Cabbarlının (1899–1934) anadan olmasının 125 illiyi münasibətilə Xalq Teatrları Festivalı keçirilib.
Festival mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının, eləcə də dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dərnəklərin fəaliyyətini dövrün tələblərinə uyğun qurulması məqsədilə təşkil olunub.
Festivalda paytaxtda fəaliyyət göstərən 20 xalq teatrı iştirak edib. İlk seçim müsabiqəsi oktyabrın 19-da Şağan qəsəbə Mədəniyyət Mərkəzində, oktyabrın 20-də isə Mərdəkan Mədəniyyət Sarayında olub.
Nümayiş olunan tamaşalar münsiflər heyətinin üzvləri Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Əli Əmirli və Bəhram Osmanov tərəfindən rejissor işi, musiqi tərtibatı, bədii tərtibat, aktyor oyunu meyarları üzrə qiymətləndirilib.
Festivalın bağlanış və mükafatlandırma mərasimi oktyabrın 26-da Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək.