Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası yenidən Türkiyə səhnəsinə çıxıb.

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Dövlət Opera və Balet Teatrları Baş İdarəsinin məlumatına görə, dünya miqyasında ən çox oynanılan operettalardan olan “Arşın mal alan” Ankara Dövlət Opera və Balet Teatrının repertuarına qayıdıb.

Üzeyir Hacıbəylinin şedevr əsəri 19 oktyabrda Ankara səhnəsində nümayiş olunub.

Operettanın növbəti tamaşaları 28 oktyabr, 4, 13, 25 noyabr tarixlərinə nəzərdə tutulub.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Qeyd edək ki, 1913-cü ildə Bakıdakı premyerasından sonra dünyanın bir çox səhnələrini bəzəyən “Arşın mal alan” Ankara Dövlət Opera və Balet Teatrında da yeni quruluşda sənət ömrünü yaşayır.

Yeni quruluşda ilk nümayişi bu il yanvarın 13-də olan tamaşada orkestri Ankara teatrının dirijoru, Türkmənistan əsilli Rüstəm Rahmetov idarə edir. Librettonun mətnini türkcəyə uyğunlaşdıran Hacettepe Universiteti Konservatoriyasının müəllimi Şenol Talınlı, dekor və kostyum üzrə rəssam Yusuf Toker, işıq üzrə rəssam Ali Gökdemir, xoreoqraf Özge Ay, konsertmeyster Erkin Onaydır.

Qeyd edək ki, rejissor Hafiz Quliyev bundan əvvəl 2003 və 2013-cü illərdə də “Arşın mal alan”a Ankara teatrının səhnəsində quruluş verib.

Gülcahan