Dünya turu

Dünya sivilizasiyasının ən qədim məskənlərindən biri olan Yunanıstan antik dövrdən bəri zəngin tarixi-mədəni irsi, incəsənəti, eləcə də istirahət imkanları, çimərlikləri ilə əcnəbilərin diqqətini cəlb edib. Bu baxımdan ölkədə turizmin kökləri keçmiş zamanlara gedib çıxır.

Müasir dövrdə isə Yunanıstanda turizmin inkişafı 1960-1970-ci illərdə başlayıb və ölkə dünyada aparıcı mövqelərə çıxıb. Sonrakı dövrdə hotel və digər turizm infrastrukturu obyektlərinin inşası genişləndikcə, ölkəyə gələn turistlərin sayı da artırdı. 2004-cü ildə paytaxt Afinada keçirilən Yay Olimpiya Oyunları bu artım tempinə xüsusilə təkan verdi. Bununla belə son illər ölkədə yaşanan maliyyə-iqtisadi böhran turizm sektoruna da mənfi təsir göstərib. Məsələn, 2007-ci ildə 11 milyon əhalisi olan ölkəyə 19 milyon turist gəldiyi halda, böhranın başladığı 2008-ci ildə bu rəqəm 17,5 milyona enmişdi. Ümumiyyətlə, Yunanıstan dünya turizm istiqamətləri sırasında 10-12-ci yerləri bölüşdürür və bu sahə ölkənin ümumi daxili məhsulunun 15 faizini təşkil edir.
Yunanıstanın ən çox səfər edilən regionları ölkənin şimalındakı Mərkəzi Makedoniya, eyni zamanda cəlbedici məkanlar olan Xalkidiki, Olimp dağı, Pella, Böyük İsgəndərin doğulduğu və eyni zamanda ölkənin ikinci ən böyük şəhəri olan Salonikidir. Afinadakı Akropol muzeyi kimi tarixi-mədəni məkanlar da turist axınını sürətləndirən amillər sırasındadır.

Konfrans turizmi

Yunanıstanda konfrans (işgüzar) turizmi milli turizm siyasətinin təməl daşıdır. Yunan hökuməti bu turizm növünü təşviq etmək üçün yerli hakimiyyət orqanlarına müxtəlif tədbirlərin təşkilinə dəstək verir, lizinq və məşğulluq subsidiyaları, vergi güzəştləri təklif edir. Toplantı və təşviqi səyahətlərin bu yaxınlarda hazırladığı hesabata görə, Yunanıstan konfranslar üçün turist gecələmələrinə görə dünyada səkkizinci sırada dayanır.

Muzeylər

Dünyadakı muzeylərin bir çox növləri Yunanıstanda yerləşir. Onların çoxuna Yeni Akropol Muzeyi və Milli Arxeoloji Muzeylərin yerləşdiyi Afinada rast gəlmək olar. Bundan başqa, Afinada Milli Qalereya, çoxlu sayda müxtəlif qalereyalar mövcuddur. Salonikidə də Bizans Muzeyi kimi çoxlu muzeylər var. Ümumilikdə, ölkədə turistlərin asanlıqla ziyarət edə bildiyi 150-yə yaxın muzey fəaliyyət göstərir. Yunanıstana gələn turistlər muzeylərə də maraq göstərirlər.

Yüksək incəsənət kulinariyası

Yunanıstan mətbəxi əsrlərdir ki, öz müxtəlifliyi və ləziz yeməkləri, yüksək keyfiyyəti ilə tanınır. Yunanıstana səyahət gözəl zövqlərin, dadların, gözlənilməz kombinasiyaların və sonsuz müxtəlifliyin maraqlı kəşfi deməkdir. Ümumi xüsusiyyətlərə gəlincə, Yunanıstan üçün xarakterik olan xüsusi dadları - limon, kəklikotu, dəfinə yarpağı, rozmarin və əlbəttə ki, zeytun yağını qeyd etmək olar. Ən yaxşı ət, təzə balıq, dəniz məhsulları və ağartı məhsulları kiçik fermerlər tərəfindən istehsal olunur. Enerjili, yaradıcı yunan aşpazları isə beynəlxalq tədbirlərdə ölkənin mətbəxini təqdim etməklə gözəl təəssürat yaradırlar. Öz maraqlı yemək reseptləri və incə maddələrin gözlənilməz birləşməsi ilə yaradıcı eksperimentləri özündə cəmləşdirən müasir yunan mətbəxi yüksək incəsənət kulinariyasının məbədlərindən biridir.

Aqroturizm

Ekologiya, kənd təsərrüfatı, yerli kulinariya və müəyyən yerli adətlər, təmiz hava, təbiilik, sülh və qonaqpərvərlik - bütün bunlar aqroturizmin faydalı tərəfləridir. Bu turizm növünü seçməklə siz ana təbiətə yaxınlaşırsınız. Kənd təsərrüfatı həyatında iştirak etməklə sadə səyahət təcrübəsi ilə ənənələrə qayıdırsınız. Yunanıstanda təbii resursların nadir mədəni və ənənələrlə birləşməsi maraqlı bir təcrübə yaradır ki, bu da turistlərə təbiətdən zövq almağa imkan verir. Məsələn, bu zaman turistlər ənənəvi zeytun yağının sıxılması, şərab hazırlanması, meyvə dərilməsi, göbələk yığımı, qatıq, pendir hazırlanmasının iştirakçısı olur. Bu turizm növünü seçməklə hətta kulinariya dərslərində də iştirak edə, yunan kulinariya nümunələrinin hazırlanmasını öyrənə bilərsiniz.

Fotoobyektiv üçün bənzərsiz kadrlar

Əgər siz Yunanıstana səfər etməyi planlaşdırırsınızsa, özünüzlə iki əşyanı mütləq götürməlisiniz: yüksək keyfiyyətli rəqəmli kamera və geniş imkanlara malik yaddaş kartı. Bununla da siz bu nadir gözəlliklərə malik ölkədə kifayət qədər şəkil çəkə bilərsiniz.
Məsələn, aypara formalı Sayisledi adası dünyada ən çox maraq göstərilən məkanlardan hesab olunur. Dənizin ortasında yerləşən Oya kəndinə getməklə sizin heyrətamiz şəkil çəkmək imkanınız olacaq. Qürub zamanı gül rəngi almış göy isə sizə mükəmməl arxa fonu olan şəkil çəkmək imkanı verir.
Şimali Yunanıstanda Xalkididəki Afos dağında yerləşən monastır idarəetməsinə əsaslanan Afos icması fikir və ilham axtaranlara mənəvi maarifləndirmə təklif edir. Yarımada boyunca unikal təbii gözəlliklərlə zəngin mənzərələrdə yerləşən 20 monastır UNESCO-nun dünya irs siyahısına daxil edilib.
Afinanın ən böyük və ən gözəl ehramları Afina Akropolunda yerləşib. Bu məkan da UNESCO-nun irs siyahısında yer alır. Bu dünya üzrə fotoaparatın yaddaşına ən çox köçürülən yerlərdəndir. Öz möhtəşəm keçmişini yaşadan abidə işıqlandırılarkən qaranlıq Afina səmalarında qürurla görünür.

Gəmi səyahəti

Gəmi ilə səyahətdə birinci dayanacağınız gözəl Andros adasında sizi göyərçinlər və qağayılar qarşılayır. Tinos isə öz müqəddəs aurası və nadir mənzərələri ilə sizi valeh edəcək. Bütün kompaslar sonra sizi öz gecə həyatı və külək dəyirmanları ilə məşhur olan kosmopolit ada Maykonosa aparacaq. Bu ada həm də keçmişlə gələcəyi birləşdirir. Küləyin istiqaməti ilə üzdükcə siz Naksosa yaxınlaşacaqsınız və burada Egeyin qumlu çimərliklərini öz gözlərinizlə görəcəksiniz. İrəlidə isə sizi özünəməxsus konusvarı formasına malik və həddindən artıq yüksək olan Kalmos adası gözləyir. Səhər Ayosdakı qayıq, qızıl qumlu sahillər və əlvan bəzədilmiş körfəz sizi heyran edəcək. Qağayılar və delfinlərin sizi Serifos, Sifons və Milosa müşayiət edəcək. Qayalı mənzərələr, heyrətamiz çimərliklər, təbii sığınacaqlar həm də yeni tanışlıq üçün gözəl turizm məkanlarıdır. Bir sözlə, Yunanıstana səyahət etmək sizə təkcə xoş istirahət deyil, həm də yeni-yeni maraqlı yerlərin kəşfini vəd edir.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar