Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən 18–20 oktyabr tarixlərində Türkmənistanda tədbirlər keçirilib.
TÜRKSOY-un II Beynəlxalq Teatr Festivalı və rəsm sərgisi 2024-cü ildə qədim Anev (Anau; türkmən əlifbası ilə Änew) şəhərinin (paytaxt Aşqabadın 8-10 km-də yerləşir) “Türk dünyasının mədəniyyət paytaxtı” olmasına və türkmən şairi və mütəfəkkir Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunub.
Aşqabadda keçirilən teatr festivalı çərçivəsində yerli teatr sənətçiləri üçün ustad dərsləri də təşkil edilib.
Türkmənistan Təsviri İncəsənət Muzeyində açılan sərgidə isə TÜRKSOY-a üzv ölkələrin rəssamlarının əsərləri nümayiş etdirilib. TÜRKSOY-un yaydığı məlumata görə, sərgidə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan rəssamlarının (ümumilikdə 21 müəllif) Türk dünyasının tarixini, adət-ənənələrini və qədim abidələrini əks etdirən tabloları yer alıb.
Bundan başqa, Türkmənistan paytaxtında TÜRKSOY Yazıçılar Birliyinin toplantısı da keçirilib. Türk dünyası klassiklərin və müasir ədəbiyyat nümunələrinin çap olunması, görkəmli ədiblərin yubileylərinin keçirilməsi məsələləri müzakirə edilib.
Toplantıda çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev deyib: “Türk dünyasının ədəbiyyatı bizim ortaq tariximizin güzgüsü olmaqla yanaşı, həm də gələcəyimizin aynasıdır. Biz ədəbi irsimizin təbliğini müasir dünyanın tələblərinə uyğun şəkildə davam etdirməliyik”.
Ankara