Açılışda Elçin Əzizov da oxuyacaq
Moskvada dünyaca məşhur musiqiçi, Azərbaycanın böyük dostu Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş festival bu il 14-cü dəfə keçiriləcək. Moskva Hökuməti və M.L.Rostropoviç adına Mədəni və Humanitar Proqramlar Fondunun təşkilatçısı olduğu festivalın bədii rəhbəri maestronun qızı, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Olqa Rostropoviçdir.
2010-cu ildə təməli qoyulan festival musiqi dünyasında mühüm sənət hadisələrindən birinə çevrilib.
Noyabrın 4-dən 16-dək davam edəcək XIV Mstislav Rostropoviç Beynəlxalq Musiqi Festivalında dörd möhtəşəm konsert proqramı nəzərdə tutulub. Moskva Dövlət Konservatoriyasının Böyük salonunda keçiriləcək konsertlərdə (4, 10, 15, 16 noyabr) altı ölkəni təmsil edən musiqiçilər çıxış edəcəklər. Solistləri Y.F.Svetllanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri, D.D.Şostakoviç adına Sankt-Peterburq Filarmoniyası Akademik simfonik orkestri və P.İ.Çaykovski adına Dövlət Akademik Böyük simfonik orkestri müşayiət edəcək.
Noyabrın 4-də opera qala-konsertində Azərbaycanın Xalq artisti, Rusiya Böyük Teatrının solisti bariton Elçin Əzizov səhnəni Rusiya, Yunanıstan və İtaliyanı təmsil edən vokalçılarla paylaşacaq. Onlar dirijor Cüzeppe Finsinin (İtaliya) idarə edəcəyi Svetlanov orkestrinin müşayiəti ilə C.Verdi, J.Bize, C.Puççini, P.İ.Çaykovski, N.A.Rimski-Korsakovun operalarından ariyalar oxuyacaqlar.
Gülcahan