Olaylar, faktlar (21 – 24 oktyabr)

 

229 il əvvəl...

 

24 oktyabr 1795-ci ildə Polşanın (Reç Pospolita) 3-cü dəfə bölüşdürülməsinə dair Rusiya, Prussiya və Avstriya arasında “Peterburq sazişi” imzalanıb. Polşanın dövlət kimi mövcudluğuna son qoyulub. Polşanın bölüşdürülməsinə dair öncəki iki saziş 1772 və 1793-cü illərdə imzalanmışdı. Reç Pospolitanın tərkibinə daxil olan indiki Litva, Belarus və Ukraynanın bir hissəsi Rusiyanın nəzarətinə keçib.

 

219 il əvvəl...

 

21 oktyabr 1805-ci ildə İspaniya və Fransanın birləşmiş donanması ilə Böyük Britaniyanın dəniz qüvvələri arasında Trafalqar döyüşü (İspaniyanın Atlantik okeanı sahili, Trafalqar burnu) olub. İngilis admiralı Horatsio Nelsonun donanması ispan-fransız qüvvələrini darmadağın edib. Admiral Nelson döyüşdə həlak olub. Bu qalibiyyət sayəsində Britaniya dünya okeanında hökmranlığı ələ aldı.

 

107 il əvvəl...

 

22 oktyabr 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Sovetinə seçkilər keçirilib. 40 faiz səs toplayan “Müsavat” partiyası qələbə qazanıb, ikinci yeri eserlər – “inqilabçı sosialistlər” (30 faiz) tutublar. Üçüncü nəticə (16 faiz) göstərən Şaumyanın başçılıq etdiyi bolşeviklər (Rusiya K(b)P-nin Bakı komitəsi) seçkinin nəticələrini tanımadılar və Petroqradda 25 oktyabr (7 noyabr) üsyanından (Müvəqqəti hökumətin devrilməsi) sonra zorakılıqla Bakı Sovetində yerlərin çoxunu ələ keçirdilər.

 

95 il əvvəl...

 

24 oktyabr 1929-cu ildə Nyu-York Fond Birjasında ABŞ şirkətləri səhmlərinin sürətlə qiymətdən düşməsi ilə ölkə maliyyə böhranına yuvarlanıb. “Qara cümə axşamı” adı ilə tarixə düşən hadisə Amerikada “Böyük depressiya”nın başlanğıcı oldu.

 

79 il əvvəl...

 

24 oktyabr 1945-ci ildə BMT-nin Nizamnaməsi qüvvəyə minib, təşkilat rəsmən fəaliyyətə başlayıb. 1945-ci il iyunun 26-da San-Fransiskoda (ABŞ) keçirilən beynəlxalq konfransda qəbul olunan sənədə 40-dan çox ölkə (o cümlədən SSRİ, ABŞ, Britaniya) imza atmışdı və 29 ölkənin ratifikasiyasından sonra BMT Baş Assambleyasının 1-ci sessiyası işə başladı. Hazırda 193 ölkə BMT-nin üzvüdür.

 

68 il əvvəl...

 

23 oktyabr 1956-cı ildə Macarıstanda antisovet çıxışları (23 oktyabr – 4 noyabr) başlanıb. Aksiyaçılar Macarıstanın “Varşava bloku”ndan çıxmasını, sosialist inkişaf yolundan əl çəkməsini tələb edirdilər. Macarıstan KP-nin islahatçı lideri İmre Had hökumətin başçısı seçildi. Moskvanın təlimatı ilə partiyada Yanoş Kadarın başçılıq etdiyi mühafizəkarlar hökuməti tanımadı və kömək üçün Moskvaya müraciət etdilər. SSRİ və “Varşava bloku” ölkələrinin hərbi kontingenti Budapeştə yeridildi, “antiinqilabi qiyam” yatırıldı.

 

60 il əvvəl...

 

24 oktyabr 1964-cü ildə Britaniyanın Mərkəzi Afrikadakı müstəmləkəsi olan Şimali Rodeziya Zambiya adı altında müstəqilliyini elan edib.

 

37 il əvvəl...

 

21 oktyabr 1987-ci ildə Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçovun təzyiqi ilə SSRİ rəhbərliyindən – Siyasi Büro üzvlüyündən istefa verib. Ertəsi gün Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən də istefa verdi. Bundan qısa müddət sonra ermənilər Qarabağ avantürasına başladılar.

Hazırladı: V.Orxan