Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının professoru Abbas Seyidovun “Azərbaycan xanlıqları: dövlətçilik rəmzləri, hüquq sistemi, pul dövriyyəsi və sikkə zərbi” monoqrafiyasının təqdimatı keçirilib.
BMU-dan bildirilib ki, tədbirdə çıxış edən kafedranın müdiri Hümeyra Mustafayeva Azərbaycanın dövlətçilik tarixinin mühüm hissəsini təşkil edən xanlıqlar dövrünün daha dərindən araşdırılmasının vacibliyindən danışıb. Qeyd edib ki, xüsusilə də uzun illər erməni işğalçıları tərəfindən dağıdılmış tarixi abidələrimizlə bağlı yeni tədqiqatlara ehtiyac var.
Müəllif Abbas Seyidov monoqrafiya haqqında məlumat verib, Azərbaycan xanlıqları dövrünü əhatə edən tarixi faktları diqqətə çatdırıb. XVIII əsrin ikinci yarısı, XIX əsrin əvvəllərində Azərbaycan ərazisində 20-dən artıq xanlığın olduğunu deyən alim xanlıqların dövlətçilik rəmzləri, inzibati idarəçilik və hüquqi sistemi, pul dövriyyəsi və sikkə zərbinə dair yeni, eləcə də ümumiləşdirilmiş materialların monoqrafiyada əksini tapdığını bildirib.
Çıxış edənlər Azərbaycan dövlətçilik tarixinin öyrənilməsi baxımından nəşrin tələbələr, tədqiqatçılar üçün dəyərli mənbə olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində nəşr edilən kitaba müxtəlif muzeylərdə nümayiş olunan bayraq, şeşpər və digər əşyalarla yanaşı, kolleksiyaçı R.Rzayevin uzun illər topladığı, xanlıqlar dövrünə aid gümüş və misdən hazırlanmış numizmatik materiallar da daxil edilib.