Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş dəyirmi masa keçirilib.
Departamentin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Dilbər Zeynalova giriş sözündə qeyd edib ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və COP29-un ölkəmizdə keçirilməsi humanitar və ictimai elmlərin də qarşısında mühüm vəzifələr müəyyənləşdirir.
Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev “Folklorik düşüncə və ekoloji diskurs: “Dirilik suyu axtarışı”ndan “Əbədi mütəhərrik” ideyasına” mövzusunda çıxış edib. Folklorşünas alim qeyd edib ki, yaşıl dünya çağırışları təkcə yaşadığımız fiziki aləmi deyil, həm də mənəvi aləmini əhatə etdiyindən burada sosial stereotiplər və inanclar üzərində formalaşan dəyərlərə xüsusi diqqət yetirmək lazımdır. “Ekofolklor, ənənəvi ekoloji bilik, yaşıl dünya” və “əbədi həyat, ölümsüzlük axtarışı və enerji ehtiyacı” mövzuları ətrafında danışan H.Quliyev xalq yaradıcılığında təbiətə pozitiv və neqativ münasibəti ifadə edən nümunələri diqqətə çatdırıb. Məruzədə insan-təbiət-mədəniyyət münasibətlərinə sosial-antropoloji folklorşünaslıq kontekstində yanaşmadan da bəhs edilib.