“Sava Hotels & Resorts” şirkətlər qrupu Bakıda geniş təqdimat keçirib
Azərbaycan vətəndaşları bu yay mövsümündə Avropanın ən gözəl ölkələrindən biri olan Sloveniyanın müalicəvi kurortlarında da istirahət imkanı əldə ediblər. Sloveniyanın ən böyük turizm operatoru olan «Sava Hotels & Resorts» şirkətlər qrupu Azərbaycandakı partnyoru «Millennium Tourism & Congress DMC»nin dəstəyi ilə Bakıda öz kurortlarını təqdim edib.
Ölkəmizin turizm şirkətləri təmsilçilərinin iştirak etdiyi tədbirdə «Sava Hotels & Resorts»un satış meneceri Radeni Qorazd Qider çıxış edərək bildirib ki, təmsil etdiyi şirkətlər qrupu Sloveniyanın ən səfalı 6 kurortunda 20 hotel və pansionatı birləşdirir. Bura məşhur Bled gölü ətrafı, Avropanın ən yaşıl məkanlarından biri olan «Term 3000» kurortu, Sloveniyanın ən qədim şəhəri, orta əsrlər mühitini hələ də qoruyub saxlayan Ptuy, Avstriya ilə sərhəddə yerləşən, müalicəvi xüsusiyyətləri ilə məşhur «Radents» kurortu, Drava və Mura çayları arasındakı Bananovtsı diyarı, nəhayət, Xorvatiya ilə Macarıstanın sərhədində yerləşən, 800 illik tarixi və mətbəxi ilə məşhur «Lendava» kurortu aiddir: «Bu kurortlara səyahət edənlər təbiətin gözəlliklərindən, insan əli dəyməyən yaşıllıqlardan və Adriatik dənizinin təkrarsız çimərliklərindən zövq ala biləcək, eləcə də termal sular, mineral vannalar və digər müalicə üsullarından faydalana biləcəklər”.
Qeyd olunub ki, «Sava Hotels & Resorts»da 20 hotel Azərbaycan vətəndaşlarına öz xidmətlərini təklif edir. «Bled» kurortunda 3-5 ulduzlu 6 hotel var. «Term 3000» kurortunda 5 hotel, «Term Ptuy» kurortunda isə 3 hoteldə istirahət etmək mümkündür. «Term Bananovtsı» kurortunda «Zeleni qay» hoteli və eyni adlı turist qəsəbəsi var. Nəhayət, «Lendava» kurortuna səyahət etmək istəyənlər də «Lipa» hoteli və «Lipov qay» apartament qəsəbəsində yerləşə bilərlər.
«Sava Hotels & Resorts»un təqdim etdiyi hotellər müxtəlif əhali qrupu üçün nəzərdə tutulduğundan burada həm tək, həm də ailəvi istirahət etmək üçün geniş şərait var. Şirkət nümayəndəsinin sözlərinə görə, Sloveniya kurortlarında aktiv və müalicəvi turizm imkanları, müalicəvi masaj və s. təklif olunur, istəyənlər idmanla məşğul ola, qolf oyunlarından ləzzət ala bilərlər. Böyük müalicəvi əhəmiyyəti olan termal hovuzlarda üzmək isə istirahəti unudulmaz edəcək: «Bəzi kurortlarımız 150 ilə yaxın müddətdir ki, fəaliyyət göstərir və bütün Avropada məşhurdur. Burada mineral su və palçıq vannaları, eləcə də efir yağları, müalicəvi otlardan istifadə olunmuş vannalar qəbul etmək olar. «Radenska» kurortunda təklif olunan üzüm, gül və «Kleopatra» adlanan süd vannaları isə bütün dünyada məşhurdur. Kurortun qonaqları olan qadınlar gözəllik maskaları və vannalarının, eləcə də masajların geniş çeşidindən zövq ala biləcəklər. Uşaqlarla səyahət edənlər üçün kurortlardakı əyləncəli akvaparklar var. Nisbətən aktiv səyahət etmək istəyənlər isə, məsələn, Radensk kurortunda balqabaq fermasını, regionda məşhur üzümçülük təsərrüfatını və şəlalə altında məşhur şampan içkisi anbarını ziyarət edə bilərlər».
Qiymətlər də çox münasibdir. O qədər də böyük olmayan məbləğə həm istirahət etmək, həm də müalicəvi xüsusiyyətlərdən faydalanmaq olar. «Sava Hotels & Resorts» mütəxəssislərinin sözlərinə görə, son illər bütün dünyada müalicəvi səyahət xidmətləri geniş yayıldığından Sloveniya kurortları turistlər arasında xüsusilə populyardır. Müşahidələr göstərir ki, qonaqların böyük hissəsi Sloveniya kurortlarını növbəti illərdə də ziyarət edirlər.
“İstəyirik ki, turist səfərləri qarşılıqlı olsun”
«Millennium Tourism” şirkətinin direktoru Ruslan Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Sloveniya ilə Azərbaycan arasında turizm əlaqələri ildən-ilə inkişaf edir: «Azərbaycanlı turistlər bu ölkənin əsasən müalicəvi kurortlarına üz tuturlar. Onlar şəkər xəstəliyi, ürək-damar, mədə-bağırsaq, əzələ, sümük, uroloji xəstəliklərlə bağlı kurortlara gedirlər».
Azərbaycanlıların nəyə görə Sloveniyanı seçməsinə gəldikdə, bunun bir neçə səbəbi var: «Bu ölkənin insanları çox qonaqpərvərdir. Sloveniya ərazisinin 90 faizə yaxını yaşıllıqdır. Mətbəxləri də Aralıq dənizi mətbəxidir, türk-yunan mətbəxinə yaxındır. Ən əsası isə qiymətləri digər Avropa ölkələrinə nisbətən münasibdir. Müalicələri də çox effektivdir».
Həmsöhbətimiz qeyd etdi ki, turizm şirkəti olaraq hər il Sloveniyada təşkil olunan tədbirlərdə iştirak edir, ölkəmizdəki müalicəvi kurortların təqdimatını həyata keçirirlər. Əsas məqsəd sloveniyalıları Azərbaycana cəlb etməkdir: «Azərbaycandakı Naftalan, Düzdağ kimi müalicəvi məkanlar onlarda yoxdur. Biz bu kurortlar barədə danışanda onların marağını görürük. İstəyirik ki, Azərbaycanla Sloveniya arasında turist səfərləri qarşılıqlı olsun».
Fəxriyyə Abdullayeva