Füzuli şəhəri “Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlar arasında ən çox keçmiş məcburi köçkünün məskunlaşdığı ünvandır. Füzuliyə ilk köç karvanı 2023-cü ilin 18 avqust tarixində olmuşdu. O zaman 90 nəfərdən ibarət 23 ailə doğma yurda qovuşmuşdu. Bu gün artıq Füzulidə 822 ailə olmaqla 3132 nəfərin daimi məskunlaşması təmin edilib.

Oktyabrın 17-də Füzuli sakinləri bayram sevinci yaşayırdılar. Yenidən qurulan doğma eldə növbəti “Şəhər günü” qeyd olunurdu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla ölkəmizin işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. 17 oktyabr Füzuli Şəhəri Günü kimi təqvimimizə yazılıb.

Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə təntənəli şəkildə növbəti Füzuli Şəhəri Günü keçirildi.

Füzuli şəhərinin 1-ci yaşayış məhəlləsində yerləşən parkda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən “Ümummilli lider Heydər Əliyev və Füzuli”, Mədəniyyət Nazirliyi tərəfindən “Zamanın qanadlarında: Füzuli” adlı fotosərgilər təşkil olunmuşdu. Prezident İlham Əliyevin Füzuli rayonuna səfərlərini əks etdirən və “Füzuli: işğaldan öncə”, “Füzuli: işğal zamanı”, “Füzuli: işğaldan sonra” adlı, həmçinin Füzuli şəhəri ilə qardaşlaşmış Türkiyənin Çorum və Özbəkistanın Gülüstan şəhərlərinə aid stendlər quraşdırılmışdı.

Burada həmçinin Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş “Mənim Füzulim” adlı rəsm sərgisi də təqdim edilirdi. Sərgi məkanında qurulmuş daha bir stenddə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar və rayonda aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi mədəniyyət nümunələri nümayiş etdirilirdi.

“ABAD” üçün ayrılmış xüsusi çadırda isə bir sıra dekorativ-tətbiqi sənət növləri üzrə ustad dərsləri təşkil olunmuşdu. Park ərazisində uşaqların əyləncəsi üçün də şərait yaradılmışdı.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, şəhər sakinləri, ictimaiyyət nümayəndələri sərgi ilə tanış oldular.

Yeri gəlmişkən, qeyd edək ki, builki Füzuli Şəhəri Günü daha bir əlamətdar hadisə ilə yadda qaldı. 16-18 oktyabr tarixlərində keçirilən “Mingəçevir reqatası – 2024” beynəlxalq avarçəkmə turnirinin növbəti mərhələsi Füzuli şəhəri yaxınlığındakı Aşağı Köndələnçay su anbarında gerçəkləşirdi. Yəni bir tərəfdə incəsənət rüzgarı əsir, digər tərəfdə idman şöləni yaşanırdı. Avarçəkmə yarışının Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan bir qrup iştirakçısı da sərgiləri ziyarət etdilər.

***

Daha sonra park ərazisində qurulmuş səhnədə Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin sədri şair Arif Buzovnalının aparıcılığı ilə “Füzuli – 530” adlı musiqili-ədəbi kompozisiya nümayiş etdirildi.

Arif Buzovnalı Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 530 illiyi dövlət səviyyəsində qeyd olunan dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin yaradıcılığından söz açdı. O, Füzulini Azərbaycan, fars və ərəb dillərində divan bağlayan nadir söz ustadlarından biri kimi səciyyələndirdi.

Xanəndələr Orxan Hüseynli və Könül Məmmədli şairin qəzəlləri üstündə müxtəlif muğam parçalarını ifa etdilər. Bədii qiraətçilər Əzizəxanım Kazımova və Ağaəli Kərimli söz ustadının bir neçə qəzəlini səsləndirdi. Gənc şairlər Kamal Hüseynzadə və Elsər Qədri isə Füzulinin qəzəllərinə yazdıqları nəzirələri oxudular. Sonda Füzulinin “Leyli və Məcnun” poeması əsasında xoreoqrafik kompozisiya nümayiş olundu.

Böyük maraqla qarşılanan “Füzuli – 530” musiqili-ədəbi kompozisiyasının ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi şair-dramaturq İlqar Fəhmi, rejissoru Əməkdar artist Loğman Kərimovdur.

***

Füzuli sakinləri mərkəzi parkda qurulan səhnədə əslən bu rayondan olan müğənni və ifaçıların iştirakı ilə geniş qala-konserti səbirsizliklə gözləyirdilər. Çünki həmyerliləri olan ifaçıları bu dəfə efir-ekrandan deyil, daha yaxından görüb dinləyəcəkdilər...

Əvvəlcə səhnəyə çıxan Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tədbir iştirakçılarına əlamətdar gün münasibətilə təbriklərini çatdırdı. O, Füzuli Şəhəri Gününün tarixi haqqında məlumat verərək dedi ki, azad Füzulidə artıq ikinci dəfədir “Şəhər günü” qeyd olunur: “Bu xoş günləri bizə canı-qanı bahasına yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Düz dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz böyük qəhrəmanlıq göstərərək Füzulini işğaldan azad etdi. Bir zaman abad, gözəl şəhər olan Füzulidən əsər-əlamət qalmamışdı”.

Qeyd olundu ki, Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı ilə digər azad olunmuş yaşayış məntəqələri kimi, Füzuli şəhərində də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Emin Hüseynov çıxışının sonunda tədbirin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirdi. Dedi ki, nazirlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə rəngarəng mədəni-kütləvi tədbirlər təşkil olunur.

Sonra söz musiqiçilərə verildi.

Müğənnilər – Zamiq Hüseynov, Eldəniz Məmmədov, Elnur Məmmədli, Könül Məmmədli, Zemfira İbrahimova, Orxan Hüseynli, instrumental ifaçılar – kamançaçı Pərviz Fərhadov, tarzən Ədalət Behbudov, gitaraçı Rəhman Məmmədli, oğlu, pianoçu Tural Məmmədlinin ifasında xalq və bəstəkar mahnıları səsləndirildi.

Qazaxıstan Respublikasının hədiyyəsi olaraq Füzulidə tikilib istifadəyə verilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri öz rəqsləri ilə konsert proqramına əlavə rəng qatdılar. Füzuli sakinləri və şəhərin qonaqları bütün ifaçıların çıxışlarını alqışlarla qarşıladılar.

***

Füzuli Şəhəri Gününün daha bir tədbiri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində gerçəkləşdi. “Vətənim Füzuli” adlı konsert proqramı Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunmuşdu.

Mərkəzin böyük zalında keçirilən konsertdən öncə Dövlət Himni səsləndirildi. Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Füzuli Dövlət Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov çıxış edərək Füzuli Şəhəri Gününün doğma yurda qayıtmış sakinlərdə əsl bayram ab-havası yaratdığını bildirdilər.

Tədbirdə əslən Füzulidən olan müğənnilər tərəfindən təsnif, xalq və bəstəkar mahnıları ifa olundu, şeirlər qiraət edildi. Füzuli Dövlət Dram Teatrı aktyorlarının iştirakı ilə vətənpərvərlik motivli səhnəcik göstərildi.

Uşaq Yaradıcılıq Mərkəzinin “Qarabağ fidanları” rəqs kollektivi “Şən Azərbaycan”, konsertə qonaq qismində dəvət olunan “Asiman” rəqs qrupu isə “Zaqatala” və “Yallı” rəqslərini təqdim etdilər. Bu ilin mart ayında açılışı keçirilən mərkəzdə gerçəkləşən ilk böyük tədbir-konsert maraqla qarşılandı.

***

“Şəhər günü”ndə uşaqlar da unudulmamışdı. Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbində Füzuli Dövlət Dram Teatrının repertuarından “Ayı balası” uşaq tamaşası göstərildi.

Vüqar Haqverdiyevin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsərinin əsas ideyası sevimli heyvanların dili ilə uşaqlara dostluq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaqdır. Rolları Vüqar Babayev, Sevinc Məmmədova, Sahilə Abbasova, Emin Abışov, Şəbnəm Baxışova, Aygün Cəfərova, Gülnar Quliyeva, Vüqar İsmayılov və Vüsal Həsənov ifa edirdilər.

Səhnə əsəri uşaqlara unudulmaz anlar yaşatdı.

***

Füzuli Şəhəri Günü axşam saatlarında əfsanəvi müğənni və bəstəkar Müslüm Maqomayevin ifasında lentə alınmış “Azərbaycan” (“Baharlı yurdum”, sözləri Nəbi Xəzrinin) mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla başa çatdı.

Rəngarəng sərgilər, tamaşa və kompozisiyalar, konsertlər doğma yurda qayıdışın sevincini yaşayan Füzuli sakinlərinin yaddaşında silinməz izlər qoydu.

Fariz Yunisli
Bakı-Füzuli-Bakı