Daimi sülh üçün Ermənistan Azərbaycana qarşı ərazi iddiasını Konstitusiyadan çıxarmalıdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

Maykl Karpenter qəbula görə təşəkkürünü bildirib və ABŞ Prezidenti Cozef Baydenin məktubunu dövlətimizin başçısına təqdim edib.

O, ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu deyib.

Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirib ki, ABŞ-nin bu prosesin irəli aparılmasında qəti dəstəyi var.

Prezident İlham Əliyev sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Əsrlər boyu davam edən münaqişə?

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan rəhbərinə göndərdiyi məktubun mətni rəsmi mətbuatda dərc olunub.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə, nəhayət, son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır.

Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərəcək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm.

Bu məsələyə dəstək verməyə sadiq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək.

Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız”.

***

Məktubda diqqəti çəkən məqamlardan biri ABŞ liderinin Ermənistan-Azərbaycan konflikti ilə bağlı “əsrlər boyu davam edən münaqişə” kimi söz etməsidir. Görünür, Ağ Evdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası (1988) ilə başlayıb hərbi təcavüzə (1992) keçən münaqişənin tarixini artıq unudublar. Yaxud da XX və XXI əsrləri bir-birinə bağlayan bu münaqişəyə, sadəcə, geniş tarixi kontekstdə yanaşaraq buna bir az pafos da qatıblar.

Lakin əsas olan bu deyil. Görünən odur ki, rəsmi Vaşinqton, uzun illər Minsk qrupu çərçivəsindəki vasitəçiliyində olduğu kimi, indi də əsas (güzəşt) addımı Bakıdan gözləyir. Halbuki Ermənistanla Azərbaycan arasında davamlı sülhə zəmin olacaq müqavilənin imzalanması üçün, ilk növbədə, qarşı tərəf ölkəmizə qarşı ərazi iddiasını, yəni artıq de-fakto gündəmdən çıxmış və tarixin küllüyünə atılmış “Dağlıq Qarabağ məsələsi”ni öz Konstitusiyasından çıxarmalı və bu məsələyə de-yure son qoymalıdır. Azərbaycan tərəfi bununla bağlı prinsipial mövqeyini dəfələrlə diqqətə çatdırıb.

Başqa sözlə, ömrünün sonuna cəmi bir neçə ay qalmış Bayden administrasiyası bu zaman kəsiyində Azərbaycanla Ermənistan arasında sülh sazişinin reallaşmasını belə çox istəyirsə, öncə üzünü İrəvana tutmalı və onu tələsdirməlidir.

Vüqar Orxan