Aidiyyəti qurumlar niyə təbiətlə yola gedə bilmirlər?

 

Oktyabrın 21-i və 22-nə keçən gecə Bakıya son illərdə (hətta son onilliklərdə) görünməmiş həcmdə yağış yağıb. Rəsmi qurumların bildirdiyinə görə, paytaxtın bəzi yerlərinə sutka ərzində 2-3 aylıq normada yağıntı düşüb. Təbiətin şıltaqlığı bir sıra yerlərdə təbii fəlakət həddinə çatıb, dağıntı və xəsarətə, hətta, təəssüf ki, ölümə də səbəb olub.

Hərçənd nəzərə alsaq ki, indi payızın “oğlan çağı”dır, günün birində ağır leysana düşüb, selə tuş gələcəyimiz, əslində, gözlənilən olmalıdır. Üstəlik, bu il yayın cırhacırında belə yağmış güclü yağışlar bunu gözləməyə əsas verirdi. Amma və lakin, daha əvvəllər dəfələrlə olduğu kimi, yenə aidiyyəti qurumlar vəziyyətə hazırlıqsız yaxalandılar...

İntensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir və birgə tədbirlər həyata keçirir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin oktyabrın 22-də yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə ilə əlaqədar dərhal ərazilərə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin edir.

Bakı Şəhər İcra Hakimiyyəti subasma ilə bağlı şəhər ərazisində, xüsusilə körpü, tunel və keçidlərdəki zəif nöqtələrin müəyyən edilməsi istiqamətində araşdırmalar aparıb. Şəhərdəki körpülərdə, tunellərdə və keçidlərdə su nasoslarının gücləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Prospekt və küçələrdə yağış suları yığan şəbəkə və su kollektorlarının inventarizasiyası işləri aparılır, çatışmazlıqların müəyyən edilməsi, gələcəkdə bu kimi halların baş verməməsi və belə halların operativ şəkildə aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirilir.

Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin briqadaları yağış və kanalizasiya kollektorlarının təmizlənməsi, yığılan suların ərazilərdən çəkilməsi, yağışın səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində sistematik və operativ tədbirlər həyata keçirir.

“Bu, müəyyən mənada, təbii fəlakətdir. Proses göz qabağındadır, normadan artıq yağıntı olub” – bunu isə Bakının icra başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Bakı sürətlə inkişaf edir, yeni binalar tikilir. Buna paralel olaraq kanalizasiya sistemi də inkişaf etməlidir: “Bu isə bəzən alınır, bəzən yox. Hər halda, problemlər mövcuddur. Kanalizasiya sisteminin problemi müəyyən mənada gündəlikdədir və tədbirlər görülür. Bilirsiniz ki, bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəzifəsidir, amma biz də bu prosesdə iştirak edirik, özümüzü kənarlaşdırmırıq...”.

Təbii ki, baş verənlərdən sonra heç bir aidiyyəti qurum yaxasını məsuliyyətdən kənara çəkməməlidir.

Yeri gəlmişkən, Azərbaycan dilinin frazeologiya lüğətində “quru yuyub yaş sərmək” ifadəsi var. Bərk danlamaq, məzəmmət etmək, töhmətləndirmək və s. mənaları verir.

Paytaxtdakı yağış fəlakətindən sonra da kimlərinsə bu frazeoloji birləşməyə tuş gələcəyi yəqindir.

Üstəlik, yağış paytaxtda insan həyatına da son qoyub.

Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

***

Bakıda intensiv yağışlar nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub. Bu barədə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Milli Hidrometeorologiya Xidməti isə oktyabrın 23-ü və sonrakı günlər üçün nikbin proqnoz verib. O cümlədən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış ehtimalı da var.

Necə deyərlər, ümid hələlik əlverişli (daha yaxşı olardı ki, günəşli) havaya qalıb. Şair demişkən:

Bu yerləri, bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur...

Vüqar Orxan