İyunun 19-da Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən “Calğalıq” turizm mərkəzində “Azərbaycanda folklor turizmi: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, AMEA-nın Folklor İnstitutunun və Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva tədbirdə çıxış edərək qədim tarixi abidələri, gözəl təbiəti ilə seçilən rayonda son illər turizmin inkişafı məqsədilə reallaşdırılan davamlı tədbirlərdən söz açıb. Bildirib ki, rayonda turizmin bir çox növlərinin, o cümlədən folklor turizminin inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. İyirmidən artıq millətin nümayəndələrinin yaşadığı Zaqatala həm də zəngin folklor ənənələrinə malikdir.
AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov və başqaları çıxış edərək ölkəmizdə turizmin inkişafına dövlət qayğısından, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.
Dəyirmi masada “Azərbaycan reallığında folklor turizmi”, “Turizmin inkişafında tarixi abidələrin rolu”, “Folklorda yaşayan toponimlərimiz” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Turizm sahəsinin inkişafına verdiyi töhfələrə görə rayon Mədəniyyət və Turizm Şöbəsinin, turizm-istirahət mərkəzlərinin rəhbərlərinə fəxri fərmanlar təqdim olunub. Rayonun folklor kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Fəxriyyə Abdullayeva