Xəbər verdiyimiz kimi, 17 –27 oktyabr tarixlərində paytaxtımızda növbəti caz festivalı keçirilir. XIX Bakı Caz Festivalının açılışı “Jolly Joker” məkanında olub. İlk konsertdə Braziliyadan cazmen, bas-gitaraçı Munir Hossn və xanım ifaçılardan ibarət “ELAS” qrupu (Mayte Gonzales – piano, Mariana Pilatos – fleyta, Yissi Qarsiya və Mişel Velkons – hər ikisi zərb alətləri) səhnəyə çıxıb.
Açılışda festivalın bədii rəhbəri Rain Sultanov və Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro çıxış ediblər. Munir Hossn Azərbaycanda caz festivalında iştirak etməkdən şad olduğunu bildirib.
Oktyabrın 20-də eyni məkanda Rain Sultanov (saksofon) festivalın qonaqları – trubaçı Karlos Sarduy (Kuba), bas gitaraçı Linli Mart (Fransa) və zərb alətləri ifaçısı Con Şmidt (Fransa) ilə birlikdə “Syndicate” layihəsini təqdim edib.
11 ölkədən ifaçı və kollektivləri bir araya gətirən festivalın konsert və təqdimatları “Jolly Joker”də, həmçinin Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya, ADA Universiteti və Caz-klubda keçirilir.