Qəzetin 1919-cu ilin avqustunda çıxan iki nömrəsi tapılmayıb

 

ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Cümhuriyyət dövrü “Azərbaycan” qəzetinin (1918–1920) tam külliyyatının nəşri davam etdirilir.

20 cilddə nəzərdə tutulan toplunun XI cildi işıq üzü görüb. Bu cild qəzetin 1919-cu ilin avqust ayını (240–264-cü nömrələr) əhatə edir.

Külliyyatın bu cildində 1919-cu ilin avqust ayında Cümhuriyyət hökumətinin həyata keçirdiyi işlər, parlamentin iclaslarının stenoqramları, habelə ölkəmizdə və dünyada baş verən hadisələr, Azərbaycanın mədəni-maarif həyatı ilə bağlı yenilikləri əks etdirən informasiyalar, məqalələr yer alıb.

Bu cilddə verilmiş Cümhuriyyət hökuməti tərəfindən Naxçıvana nümayəndə göndərilmiş Mirabbas Mirbağırzadənin Bakıya qayıtdıqdan sonra Baş nazir Fətəli xan Xoyskiyə təqdim etdiyi bəyanat xüsusilə maraq doğurur. Bəyanatda mənfur ermənilərin Naxçıvan və ətraf ərazilərə sahiblənmək istəkləri, mərkəzi hökumətin bu bölgəyə nəzarətinə maneçilik törətməsi ilə bağlı məsələlər diqqətə çatdırılır. Bəyanatdan eyni zamanda həmin dövrdə Naxçıvanda müttəfiq qüvvələrin komandanı, general Tomsonun erməni millətçilərinə göstərdiyi hər cür dəstək və bölgədəki hegemon davranışları da aydın olur.

Külliyyatın bu cildində verilən xüsusi qeyddə bildirilir ki, qǝzetin 9 avqust 1919-cu il tarixli 246-cı vǝ 18 avqust 1919-cu il tarixli 254-cü nömrǝlǝrini tapmaq mümkün olmayıb. Nəşr layihəsi başa çatmadan bu nömrǝlǝr ǝldǝ edilǝrsǝ, transliterasiyası son cilddǝ verilǝcǝk.

Xatırladaq ki, “Azərbaycan” qəzetinin tam külliyyatının I cildi 1918-ci ilin sentyabr-oktyabr, II cild həmin ilin noyabr, III cild 1918-ci ilin dekabr, IV cild 1919-cu ilin yanvar, V cildi həmin ilin fevral, VI cild mart, VII aprel, VIII cild may, IX cild iyun, X cild iyul aylarını əhatə edib.

Qəzetin əski əlifbada (ərəb qrafikalı Azərbaycan əlifbası) olan mətnləri filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu tərəfindən transliterasiya olunub. Nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.