Tofiq Quliyevin əsərlərindən ibarət musiqi axşamı

 

İnsan heç qəribsəmir. Elə bilir indi uzaq görünən ötən əsrin 50–60-cı illərində yaşayıb, qurub-yaradıb. Amma qəti surətdə qocalıb-qarımayıb. Sadəcə, hansısa zaman dəyişməsində oradan buralara adlayıb. Ya da əksinə, düşünmədən baş götürüb o illərə gedib. Özü də ürəyinin səsinə qulaq asaraq. Həm də “Ürək mahnıları”nın qanadlarında...

Onsuz da “oktyabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) əsərlərindən ibarət “Ürək mahnıları” adlı konsert proqramı keçiriləcək” xəbərini alandan bütün ruh hallarımıza uyğun nəğmələrin möcüzəvi yaradıcısı ilə sakral aləmdə təmasa hazır idik. Bir yandan da bu payızın notları...

Adama elə gəlirdi ki, xəfif payız küləyinin ayaqlarımız altına səxavətlə sərdiyi xəzəllərin xışıltısı dilimizdəki Tofiq Quliyev nəğmələrinə “qoşularaq” həzin zümzümə edir.

Həmin axşam əzəmətli sarayın salonuna toplaşan əsasən yaşlı və orta nəsildən ibarət musiqisevərlərin səadəti də bir başqa idi. Onların sırasında mənim kimi 80-ci illər nəslinin nümayəndələri də ara-sıra gözə dəyirdi. Səliqə ilə daranmış saçlar, parlaq ziyafət paltarları, əlvan yaylıqlar, şax köynəklər, ütülü kostyumlar, köhnə tanışlar kimi nəzakətlə bir-birinə baxıb gülümsünən 60-cılar nəsli... Səhnədəki böyük ekranda bu insanları bir araya gətirən təkrarsız Tofiq Quliyevin zala enerji saçan fotosu.

Səhnədə Niyazi adına Dövlət Simfonik Orkestri (dirijor Cavad Tağızadə), Azərbaycan Televiziya və Radiosu Səsyazma evinin musiqi kollektivi (konsertmeyster Fəridə Hüseynova) yerini almışdı.

Aparıcı Rahib Azərinin təqdimatında ötən əsrə qayıtmaq, böyük bəstəkarın yetişdiyi dövrə, ömür yoluna, sənət tarixçəsinə nəzər salmaq başqa bir doğmalıq bəxş etdi. Onun da dediyi kimi, bəstəkar Azərbaycan musiqisində lirik mahnıların ən seçkin nümunələrini yaradıb. Tofiq Quliyevin yaradıcılığı heç bir bəstəkarın üslubuna bənzəmir. Sənətkarın Nizaminin sözlərinə yazdığı “Könlüm” və “Sevgilimə”, Xaqaninin sözlərinə bəstələdiyi “Bəxtəvər oldum” romanslar qəlblərə sığal çəkir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini rəngarəng hisslərə bürüyür. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının zənginliyi və axıcılığı ilə fərqlənir.

Tofiq Quliyevin hər bir mahnısı üçün yaddaqalan, orijinal bir intonasiya xarakterikdir. Sənətkarın mahnı yaradıcılığında müasir musiqi üslubu xalq musiqisi ilə qəribə bir harmoniya yaradır.

Cismani varlıqla yoxluq arasındakı uzun və sıxıcı məsafədə hamı kimi mən də bir daha əmin oldum ki, zaman nə qədər sürətlə axsa da, bizlər ruhumuzu oxşayan anlarla həmyaşıdıq. Lap nəğmələri ilə bütün zamanlara meydan oxuyan Tofiq Quliyev kimi.

Axı böyük bir nəsil onun yaradıcılığından bəhrələnib, musiqi zövqü formalaşıb. Tofiq Quliyev yaradıcılığı təbiəti sevməyi, həyatı sevməyi, gözəlliyin qədir-qiymətini bilməyi, musiqinin səviyyəsini düzgün təyin etməyi, Vətənə bağlılığı aşılayıb.

Hər çıxışında Tofiq Quliyevə bir insan kimi də rəğbətini izhar edən aparıcı onun Azərbaycan musiqi mədəniyyətinə bənzərsiz töhfələr verdiyini və məhz bu xidmətinin sənətkarı bütün zamanlarda yaşadacağını dilə gətirdi.

Tofiq Quliyev soraqlı gecə bəstəkarın “Görüş” filmi üçün yazdığı qəlboxşayan valsla başladı. Orkestrin canlı müşayiətində xoreoqraflar Samir Səmədov və Liana Bernadina bizlərə xoş, zövqlü bir neçə dəqiqə hədiyyə etdilər.

Ardınca müasir estrada və vokal ifaçılığı üzrə parlaq simalar Azad Şabanov, Nicat Cəfərzadə, Ayşən Mehdiyeva, “Qaya” ansamblı, Samir Piriyev, Zabitə Alıyeva, Nazim Faytonçu, Anar Şuşalı, Emin İsmayılov, Almaxanım Əhmədli, Zakir Əliyev, Rəvanə Qurbanova, Samir Cəfərov, Cavan Zeynallı, Mirələm Mirələmov, Taleh Yahyayev və başqaları bəstəkarın dillər əzbəri olan mahnılarını ifa etdilər.

Əsas etibarilə kinofilmlərə yazılsa da, film musiqisi olmaqdan çıxıb milli mahnı janrının incilərinə çevrilən “Qızıl üzük”, “Məhəbbət çırağı”, “Sənə də qalmaz”, “Yolayrıcında”, “Sevincim Bakı”, “Bakı əziz şəhər”, “Sən mənimsən, mən sənin”, “İlk bahar”, “Tez gəl”, “Darıxma”, “Pəncərəmə qondu çiçək”, “Gül, oğlum”, “Gəlmədi”, “Qəmgin mahnı”, “Nar gülüm”, “Axşam” kimi fərqli mövzu və ritmli nəğmələr ruhumuza sığal çəkdi.

Sonda “Qayınana” filmindən “Biz mehriban ailəyik” nəğməsi ilə solistlər səhnədə, tamaşaçılar da zalda sevimli bəstəkarlarını alqışladılar, ona təşəkkür etdilər.

Unudulmaz musiqili axşam bəstəkarın illər öncə lentə alınmış “Mənim mahnılarıma qulaq asdığınız üçün sizə təşəkkür edirəm” videomesajı ilə bitdi və növbəti görüşə qədər bizləri ovsunlamaqda davam edəcəyi təəssüratında bütünləşməyimizə “izn” verdi...

Həmidə