Olaylar, faktlar (25 – 30 oktyabr)

 

106 il əvvəl...

 

30 oktyabr 1918-ci ildə I Dünya müharibəsində məğlub duruma düşən Osmanlı dövləti müharibənin qalibi sayılan Antanta ölkələri (Britaniya, Fransa, ABŞ) ilə Mudros sülh sazişi imzalayaraq qoşunlarını Azərbaycandan və bütün Cənubi Qafqazdan çıxarmaq barədə öhdəlik götürüb. Bakını tərk edən türk qoşunlarının yerinə şəhərə ingilis qüvvələri daxil oldu.

 

101 il əvvəl...

 

29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin yarandığı elan edilib. Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Qazi Mustafa Kamal ölkənin ilk Prezidenti seçilib.

 

86 il əvvəl...

 

28 oktyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığının əmri ilə Dövlət Musiqili Komediya Teatrı (Azərbaycan və rus truppası) yaradılıb. 1948-ci ildə bir sıra teatrların özünümaliyyələşdirməyə keçməsi ilə bağlı fəaliyyətini dayandırıb. 1956-cı ildə fəaliyyətini bərpa edib. Hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı adlanır.

 

51 il əvvəl...

 

25 oktyabr 1973-cü ildə növbəti Ərəb-İsrail müharibəsi (“Məhşər günü” savaşı) yekunlaşıb. Oktyabrın 6-da yəhudilərin əlamətdar dini günü (“Məhşər günü” – Yom Kipur) qeyd olunduğu vaxt Misir və Suriya qüvvələrinin İsrailə qarşı başladığı savaşın məqsədi 1967-ci ildəki “Altıgünlük müharibə”də (5-10 iyun) məğlubiyyətin əvəzini çıxmaq idi. Lakin bu müharibəni də İsrail qazandı və 6 il əvvəl zəbt etdiyi Sinay yarımadasına (Misir) nəzarəti saxlamaqla bərabər, Suriyanın Qolan təpələrini (paytaxt Dəməşqin 40 km-də) də ələ keçirdi.

 

31 il əvvəl...

 

27-29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və Arazboyu kəndləri, Cəbrayıl rayonunun Arazboyu kəndləri və Zəngilan rayonu işğal olunub. Zəngilan Azərbaycanın Ermənistan tərəfindən işğal edilən axırıncı rayonu oldu. 27 il sürən işğala 2020-ci ilin Vətən müharibəsində son qoyuldu.

 

29 il əvvəl...

 

28 oktyabr 1995-ci ildə Bakı metrosunda dəhşətli qəza baş verib. “Nərimanov” və “Ulduz” stansiyaları arasında sərnişin qatarında baş vermiş yanğın nəticəsində, rəsmi məlumatlara görə, 286 nəfər həlak olmuşdu. 269 nəfər xəsarət almış, 400 nəfər xilas edilmişdi. Bu, dünya tarixində ən böyük metro qəzası idi. 29-30 oktyabrda ölkədə matəm elan olundu.

 

7 il əvvəl...

 

30 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təntənəli açılışı olub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Ələt qəsəbəsi) keçirilən mərasimdə Azərbaycan və Türkiyə prezidentləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirləri iştirak etmişdilər. 850 kilometrlik yolun 504 kilometri Azərbaycan ərazisindən keçir.

 

4 il əvvəl...

 

26 oktyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi gedişində Ermənistanın işğalı altında olan daha bir rayon mərkəzi – Qubadlı şəhəri müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunub.

Hazırladı: V.Orxan