«Gədəbəydə alman möcüzələri» kitabında maraqlı faktlar əksini tapıb

Azərbaycanın dilbər guşələrindən biri olan Gədəbəyin turizm potensialı təkcə füsunkar təbiəti ilə məhdudlaşmır. Rayonun zəngin maddi-mədəni irs nümunələri, o cümlədən qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının dövrünə aid tarixi abidələr - məbədlər, kilsə-vənglər, qalalar bölgəni turistlər üçün cəlbedici məkana çevirir.

Gədəbəyi turistlər üçün maraqlı edən tarixi nümunələr arasında XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlində alman sahibkarları Siemenslərin burada qurub-yaratdıqları tikililər, o dövrün izləridir. Həmin dövrü araşdıraraq iki kitab ərsəyə gətirən Gədəbəy rayon Mədəniyyət mərkəzinin direktoru Etibar Əliyevlə söhbətimiz də bu barədə oldu.
Həmsöhbətimiz bildirdi ki, Siemenslər 1864-1914-cü illərdə Gədəbəydə dağ-mədən sənayesi kompleksi yaradıblar. Onun sözlərinə görə, bugünkü Gədəbəy şəhəri iki hissədən ibarətdir - Siemenslərin saldığı Gədəbəy şəhəri və sovetləşmə dövrünün Gədəbəy şəhəri: “Siemenslər Gədəbəydə Avropa arxitekturasına malik bir şəhərcik yaratmışdılar. Evlər qotika üslubu ilə tikilmiş, daş döşəmə yollar, parklar salınmışdı. Siemenslər Gədəbəydə o dövr üçün mükəmməl yay və turizm infrastrukturu da yaratmışdılar. Vaxtilə burada hətta buz meydançası yaradılıb. Yay turizminin indi də izləri qalır. Fayton yolu, işıq dirəkləri, parklar və s. Onu da diqqətinizə çatdırım ki, Avropanın, çar Rusiyasının böyük şəhərlərində elektrik olmayanda, Gədəbəydə gecə gəzintiləri zamanı Şəmkir çayı üzərindəki su elektrik stansiyası vasitəsilə işıq verilib. Rayonda yaradılan Qalakənd su-elektrik stansiyası dünyada üçüncü belə qurğu olub”.
Etibar Əliyev deyir ki, Gədəbəydə Siemenslərin izlərinin biri də burada yaradılan teatr zalı olub. 1878-ci ildən başlayaraq ildə iki-üç dəfə Bakıdan gedən teatr truppaları orada müxtəlif tamaşalar oynayıblar: “Ötən əsrin 90-cı illərinədək biz həmin teatr salonunda kinoya baxırdıq”. Sovetləşmədən sonra rayondakı bütün idarə və müəssisələr almanların tikdikləri binalarda yerləşib. Həmin binalardan bir qismi bu gün də istifadə edilir.
Həmsöhbətim bildirir ki, bölgədə təhsilin, maarifçiliyin inkişafında da alman izlərinin mühüm rolu olub. Çünki rayonda 3 alman məktəbi fəaliyyət göstərib. Sovet hakimiyyətinin ilk illərində Azərbaycandan Moskvaya oxumağa göndərilənlər arasında çoxlu gədəbəyli gənc olub. Onlar misəritmə zavodunun nəzdindəki rus-alman məktəbinin yetirmələri idi.
Etibar Əliyev bu istiqamətdə apardığı 18 illik araşdırmanın nəticəsi olaraq iki kitab yazıb. Onlardan biri «Həyatımızda Siemens izləri» adlanır. «Gədəbəydə alman möcüzələri» adlı ikinci kitab isə bu günlərdə çapdan çıxıb. Müəllifin sözlərinə görə, bu kitabı hazırlamaqda əsas məqsədi Gədəbəyin turizm, mədəniyyət və sənaye tarixi haqqında ona məlum olan bütün faktları toplu halında cəmləməkdir: «Kitabın məhz bu il nəşr edilməsi isə Siemenslərin Gədəbəyə gəlişinin 150 illiyi ilə bağlıdır. Bu həm də ölkə başçısı tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə üst-üstə düşür. Amma kitabda daha çox mədəniyyət tərəfləri öz əksini tapıb. Bu il Siemenslərin Gədəbəyə gəlişinin 150 illiyi ilə bağlı geniş tədbirlər nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin təşəbbüsü ilə sentyabr ayında Gədəbəyə turizm şirkətləri və kütləvi informasiya vasitələri nümayəndələri üçün infotur təşkil ediləcək. Məqsəd onları Siemens izləri ilə tanış etməkdir. Bundan əlavə, infotur iştirakçılarını alban abidələri ilə də tanış edəcəyik».
Gədəbəydə turizmin inkişafı ilə bağlı layihələr, o cümlədən bir neçə turistik marşrutun açılması nəzərdə tutulur: «Bunlar kənd yaşıl turizmi, çay turizmi, mədəni turizm və s. istiqamətlərdir. Şəmkir çayı boyunca bir çox tarixi abidələr mövcuddur. Onların ikisi respublika əhəmiyyətli tarixi abidələrdir. İstəyirik çay turizmi ilə tarixi abidələrin vəhdətini yaradan ümumi bir marşrut müəyyənləşdirək. Çayda balıq ovu da mümkündür ki, bu da marşrutun əhəmiyyətini daha da artırır.
Eyni zamanda, rayon Mədəniyyət və Turizm Şöbəsində ictimai əsaslarla bələdçi kursları yaratmışıq. Bundan əlavə, ilin sonuna qədər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzlə birlikdə turizm konfransı da keçirməyi planlaşdırmışıq”.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar