Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən (20–23 oktyabr) Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) 63-cü konqresində Azərbaycanın işgüzar turizm imkanları da tanıdılıb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, konqresdə ölkəmizi Azərbaycan Turizm Bürosu təmsil edib. İşgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssislər və agentliklərlə keçirilən görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.
ICCA dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən nüfuzlu təşkilatlarından biridir. Qurumun üzvləri sırasına dünyanın 90 ölkəsində fəaliyyət göstərən mindən çox beynəlxalq görüşlər sənayesi bazarı təmsilçiləri daxildir.