Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Koqalım şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə abidə ucaldılıb.
Heykəltaraş Aydın Zeynalovun müəllifi olduğu abidə Heydər Əliyevin 100 illik yubileyi şərəfinə ərsəyə gəlib.
Böyük dövlət xadimi Heydər Əliyev 1980-ci illərin əvvəlində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən o vaxt hələ qəsəbə olan, indi isə şəhərə çevrilən Koqalımın və Xantı-Mansi bölgəsində neft sənayesinin inkişafına da mühüm töhfə verib. Onun tapşırığına əsasən, qəsəbənin, həmçinin Sibirin neft hasilatçısı rayonlarının yol infrastrukturunun inkişafı üçün Azərbaycandan da podratçı təşkilatlar cəlb olunmuşdu. Koqalımdakı Bakı küçəsi Azərbaycan xalqının bu şəhərin inkişafına verdiyi töhfəni xatırladır. Heydər Əliyevin burada qoyulan abidəsi də xatirə rəmzi və xalqlar arasında dostluğun təcəssümüdür.
Müəllifi Aydın Zeynalov qeyd edib ki, abidə üzərində iş il yarıma yaxın davam edib: “Biz Heydər Əliyevin görkəmli şəxsiyyətini, onun təkcə şəhərin deyil, bütün Sovet İttifaqının inkişafındakı rolunu təsvir etməyi qarşımıza vəzifə qoymuşduq. Nəticədə hündürlüyü 4 metr olan abidə ilə bərabər, möhtəşəm kompleks yaradılıb. Heydər Əliyev qlobal şəxsiyyətdir. O, əsrlərin kəsişməsində həmişə doğru yolu seçən bir insan idi...”.
Heykəltaraş bildirib ki, iş prosesində Heydər Əliyevin müxtəlif illərdə çəkilmiş fotoşəkillərini diqqətlə tədqiq edib: “Heydər Əliyev çöhrəsində xəfif təbəssümlə təsvir olunub. Mənə elə gəlirdi ki, Heydər Əliyev təkcə güclü, iradəli şəxsiyyət deyil, həm də çox mehriban, istiqanlı, gülərüz insandır. Bu keyfiyyətləri heykəldə çatdırmağa çalışdım”.