Moskvada azərbaycanlı və rusiyalı rəssam, heykəltaraş Aydın Zeynalovun “Okean röyaları” adlı fərdi sərgisi açılıb.
Təqdim olunan əsərlər rəssamın təbiətlə ahəngdar həyat haqqında fəlsəfi fikirlərini əks etdirir. Layihə Aydın Zeynalovun dəniz hövzələrinə olan həvəsi və dünya okeanlarının çirklənməsinin miqyası barədə artan məlumatlılığı ilə diktə edilib.
Rəssam deyib: “Üç ildən bir 30-40 əsərdən ibarət silsilə əsər sərgiləyirəm. Əvvəlki sərgim Yaxın Şərqlə bağlı idi, çünki atam Rusiya Xarici İşlər Nazirliyində işləyirdi və ərəbşünas idi. Mən ərəb ölkələrində çox vaxt keçirmişəm. Bugünkü sərginin mövzusu okeandakı tullantılardır. Təxminən 20 ildir ki, dəniz hövzələrinə həvəsim var. Balıqları öyrənərkən, onların tez-tez su hövzələrinin plastiklə çirklənməsi nəticəsində ölməsi faktı ilə rastlaşdım və anladım ki, sivilizasiya ilə təbiətin vəhdəti çox mürəkkəb və dərin mövzudur”.
Aydın Zeynalov hesab edir ki, təbiət özü insanlarla birgə yaşamağın yollarını axtarır: “Bu sərginin köməyi ilə demək istərdim ki, insan da öz hərəkətləri haqqında düşünməli, təbiətə qayğı göstərməlidir”.
Rəssam qeyd edib ki, Bakıda keçiriləcək COP29 çox əlamətdar hadisədir: “Azərbaycan nəhəng təbii sərvətlərə malik ölkə kimi ekoloji problemlərdən uca səslə danışır, dünya birliyində layiqli mövqe tutur”.
Aydın Zeynalov V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunu heykəltaraşlıq və Moskva Memarlıq İnstitutunu dizayner ixtisası üzrə bitirib. S.G.Stroqanov adına Moskva Dövlət Rəssamlıq və Sənaye Akademiyası Akademik rəsm kafedrasının dosenti, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvüdür. “INTER-ESSE” Fənlərarası Tədqiqatlar İnstitutu Elmi və Tədris Fəaliyyətinə Dəstək Fondunun təsisçisi və direktorudur. 2017-ci ildə Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür.