Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında “Beynəlxalq məktəb kitabxanaları günü” (22 oktyabr) ilə əlaqədar “Gəlin, kitab oxuyaq!” adlı tədbir keçirilib. Bildirilib ki, əlamətdar gün UNESCO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur. Sonda “22 oktyabr – Beynəlxalq məktəb kitabxanaları günüdür” adlı sərgiyə baxış olub.

***

Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və Quba-Xaçmaz RMİ-nin birgə təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 70 illiyinə həsr olunmuş ədəbi məclis keçirilib.

Yubiley tədbirində rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba-Xaçmaz RMİ-nin rəisi vəzifəsini icra edən Fərid Musayev, elm, mədəniyyət, incəsənət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər görkəmli ədəbiyyatşünas-alimin yaradıcılığından söz açıblar. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

***

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Xaçmaz Xalq teatrı tərəfindən narkomaniyanın fəsadlarından bəhs edən “Fəlakət konfetləri” tamaşası nümayiş olunub.

Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə gerçəkləşən təqdimatda əsrin bəlasına çevrilmiş narkomaniyanın fəsadlarından, bu qorxulu bəlaya qarşı aparılan mübarizə tədbirlərindən danışılıb.

Müəllifi yerli şair Nəzər Mirzəyev olan səhnə işi maraqla qarşılanıb.

***

Sumqayıt Şəhər Gənclər Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Təbiət bizim evimizdir” adlı tədbir keçirilib. Nəsrəddin Tusi adına 12 nömrəli tam orta məktəbin və “Dostluq” mədəniyyət evi şagirdlərinin rəsm sərgiləri nümayiş olunub, təbiətə həsr olunmuş şeir qiraət edilib, mahnılar səsləndirilib.

***

Mingəçevir Dövlət Dram Teatrının səhnəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Ağ-qara” monopyesi nümayiş etdirilib. Ətraf mühitin çirkləndirilməsi və bunun nəticəsində yaranmış ekoloji problemlərdən bəhs edən tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltandır.

***

Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) 140 illiyinə həsr olunan konfrans keçirilib.

Çıxışlarda Rəsulzadənin ictimai-siyasi və elmi fəaliyyətindən danışılıb. Qeyd olunub ki, dahi şəxsiyyətin adı Azərbaycan Xalq Cümhuriyyəti ilə qoşa çəkilir. Rəsulzadəyə həsr olunan film nümayiş etdirilib.

***

Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz RMİ-nin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Aşıqlar Birliyi Qazax-Ağstafa bölməsinin sədri aşıq Camoy Qurbanovun 70 illik yubileyi qeyd olunub.

Çıxışlarda dövlət tərəfindən aşıq sənətinə göstərilən diqqət və qayğıdan bəhs olunub. Tədbir bədii hissə ilə davam etdirilib.

Sonda yubilyar aşıq sənətinə göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

***

Qazaxda Azərbaycan Yazıçılar Birliyinin üzvü gənc şair Rüfət Axundlunun “Tərk etməz bu sevda məni” adlı şeirlər kitabının təqdimatı keçirilib. Ədəbiyyat Muzeyində keçirilən tədbirdə rayonun icra başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Səməd Seyidov, Qazax-Tovuz RMİ-nin rəis əvəzi Nail Məmmədov və başqa çıxış edənlər yeni kitabı münasibətilə şairi təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

***

Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Masallı nümayəndəliyinin birgə əməkdaşlığı, Masallı Dövlət Regional Kollecinin dəstəyi ilə “Təqdim edir: gənclik” adlı layihə həyata keçirilir. Layihənin məqsədi gənclərin ekoloji savadlılığının artırılması, ekoloji problemlərə gənclərin yanaşmasının sərgilənməsi, bu sahədə gənclərin rolunun daha da artırılmasından ibarətdir.

***

Astara rayon Heydər Əliyev Mərkəzində Xalq şairi Nəbi Xəzrinin (1924–2007) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Mərkəzin direktoru Kübra Səmədova şairin zəngin yaradıcılıığından söz açıb. Qeyd olunub ki, müəllifin pyesləri də Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub. Sonra “Nəbi Xəzrinin əsərləri” adlı film nümayiş olunub.

***

Astara rayon Kakalos kənd Mədəniyyət evində “Əvəsor” folklor xalq kollektivinin yaranmasının 60 illiyi münasibətilə tədbir keçirilib. Fərbiyə Şabanovanın təşəbbüsü ilə yaradılmış kollektivin fəaliyyəti, ümumrayon, respublika və beynəlxalq tədbirlərdə çıxışları haqqında məlumat verilib. Milli musiqi və folklor rəqsləri ilə müşayiət olunan tədbirin sonunda kollektivin üzvləri rayon Mədəniyyət Mərkəzinin fəxri fərmanları ilə təltif ediliblər.

Hazırladı: N.Məmmədli