Qlobal texnologiya şirkəti olan «Sabre» rəsmi olaraq Azərbaycanda fəaliyyətə başlayıb. Şirkətin Bakı ofisindən aldığımız məlumata görə, «Sabre» səyahət agentliklərinə və təminatçılarına səyahətlərin satın alınması və bron edilməsi, səyahət tətbiqetmələri da daxil olmaqla, geniş spektrli texnologiya imkanları təmin edəcək. “Sabre”nin proqram təminatından istifadə etməklə səyahət agentlikləri müştərilər üçün səyahətləri asanlıqla satın ala və bron edə bilər.
Şirkətin səyahətlər və texnologiya üzrə təcrübəli məsləhətçilər qrupu “Sabre” texnologiyasının uyğunlaşdırılması prosesinə başcılıq etmək üçün səyahət agentlikləri ilə tərəfdaşlıq quracaq.
«Sabre» Səyahətlər Şəbəkəsinin Şərqi Avropa, Yaxın Şərq və Afrika regionları üzrə vitse-prezidenti Dean Bibb bildirib ki, Azərbaycanın iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir və ölkənin ümumi daxili məhsulu artır, səyahət və turizm sahələrinə sərmayələr yatırılır, yeni texnologiyaya maraq artır: «Biz yerli sənayeyə dəstək təmin etmək və ən son və müasir mütərəqqi texnologiya tətbiq etməklə fərqlənmək istəyən agentliklərlə tərəfdaşlıq qurmağa ümid edirik». “Sabre”nin yerli tərəfdaşlarından biri “Qlobus” şirkətidir.
Qeyd edək ki, bu yaxınlarda Türkiyə, Bolqarıstan və Rumıniyada fəaliyyətə başlamış «Sabre» şirkəti üçün Azərbaycan yeni bazardır. Şirkət biletlərin, hotel otaqlarının satışı və bron edilməsi, avtomobillərin kirayəsi, dəmir yol biletləri və digər növ səyahətlər üçün dünya üzrə 400 mindən artıq səyahət agentinin və minlərlə korporasiyanın istifadə etdiyi ən iri səyahət bazarlarının birində əməliyyatlar keçirir.
Fəxriyyə Abdullayeva