Mədəniyyət Nazirliyinin bədii təhsil ocaqları da festivalda iştirak edir

 

24–25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq “Yaşıl STEAM Azərbaycan” Festivalı (SAF – 2024) keçirilir.

STEAM – elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat (Science, Technology, Engineering, Art, Math) sözlərinin ingilis dilində baş hərfləridir və bu fənlərin inteqrasiyalı tədrisini ehtiva edən disiplinlərarası və tətbiqi yanaşmaya əsaslanan təhsil fəlsəfəsidir.

Bu il 4-cü dəfə keçirilən “STEAM Azərbaycan”da ilk dəfə Mədəniyyət Nazirliyinin bədii təhsil ocaqları da iştirak edir.

Festivalda “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” kateqoriyaları üzrə yarışlar təşkil olunur.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Rəşid Behbudov adına 2 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri festivalda süni zəka və incəsənət mövzusunda bilik və bacarıqlarını nümayiş etdirirlər. Hər iki məktəbin şagirdləri ifaçılıq və rənglərlə harmoniya yaratmaq sahəsində süni zəka və yaşıl düşüncə vərdişlərindən faydalanacaqlar.

Festivalın açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, COP29 nümayəndələri, ali təhsil və elm müəssisələrinin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında “STEAM Azərbaycan”ın ölkə təhsilində vacib layihələrdən biri olduğunu qeyd edib. STEAM-nin tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğu vurğulanıb.

BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu, millət vəkili Nigar Arpadarai bildirib ki, COP29 ərəfəsində keçirilən builki STEAM festivalı çərçivəsində əsas diqqətin yaşıl texnologiyalara yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir. Nigar Arpadarai STEAM təhsil metodunun sinergetik potensialı sayəsində iqlim dəyişmələrinin təsirlərini yumşaltmağın mümkünlüyünə də toxunub.

“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov builki festival haqqında məlumat verib. Bildirib ki, festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ – ümumilikdə 15 ölkəni təmsil edir. Məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla 10 ölkədən 17 münsif iştirak edib.

Festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və digər bu kimi mövzuları əhatə edir.

İqrar Nəzərov STEAM layihəsinin hazırda ölkə üzrə 398 məktəb və 252 min 711 şagirdi əhatə etdiyini, 20-dən çox STEAM mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb. Çıxışlardan sonra festival iştirakçılarının hazırlıq mərhələsini əks etdirən video təqdim edilib.

Sonra festivalda iştirak edən yerli və xarici komandaların təqdimatı olub.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov və digər rəsmilər Mədəniyyət Nazirliyinin stendinə, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Rəşid Behbudov adına 2 nömrəli Uşaq musiqi məktəbinin festivaldakı guşələrinə də baxıblar.

Festivalda COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən iqlim dəyişmələri və dayanıqlılıq mövzularına həsr olunmuş təlimlər də təşkil olunacaq.