Prezident BRICS + iclasında ölkəmizin logistik imkanlarını diqqətə çatdırıb

 

Xəbər verildiyi kimi, 22-24 oktyabr tarixlərində Rusiya Federasiyasının BRICS təşkilatına sədrliyi çərçivəsində Kazan şəhərində (Tatarıstan) XVI BRICS Sammiti keçirilib. Sammitə BRICS üzvü olmayan, amma bu əməkdaşlıq platformasına qoşulmaq istəyən dövlətlər də dəvət edilib.

Oktyabrın 24-də Kazanda XVI BRICS Sammitinin genişləndirilmiş “Outreach”/“BRICS+” formatının (Outreach – ingiliscə potensial tərəfdaşlarla əlaqələrin qurulması mənasını verir) ilk plenar iclası olub.

“Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzində keçirilən toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Əvvəlcə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatı nümayəndə heyətlərinin başçıları birgə foto çəkdiriblər.

BRICS+” formatına qatılan ölkələrin rəhbərləri toplantıda çıxış ediblər.

***

Toplantıda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dəvətə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkürünü bildirib və Rusiya Federasiyasını BRICS-də uğurlu sədrliyi münasibətilə təbrik edib.

Prezident İlham Əliyev deyib:

– Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

***

Prezident Vladimir Putin deyib:

– Hörmətli cənab Prezident, çox sağ olun. Həqiqətən, Siz tamamilə düzgün qeyd etdiniz ki, Azərbaycanın rolu, xüsusilə logistika dəhlizlərinin inkişafında çox mühümdür. Eyni zamanda, zənnimcə, Rusiyanın, həmçinin digər BRICS dövlətləri ilə artan əmtəə dövriyyəsini nəzərə alsaq, Qazaxıstan Prezidentinin indicə dediyi kimi, bu da böyük əhəmiyyətə malikdir.

***

Qeyd edək ki, BRICS onu təsis edən beş ölkənin – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının ingilis dilində baş hərflərinə (Brazil, Russia, India, China, South Africa) uyğun olaraq belə adlandırılıb.

Bu formatın əsası 2006-cı ildə Sankt-Peterburq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə qoyulub. 2009-cu ildə dövlət başçılarının iştirakı ilə ilk sammit keçirilib. 2011-ci ildə Cənubi Afrika Respublikası onlara qoşulub.

Hazırda təşkilatın 11 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Argentina.

BRICS ötən müddətdə çoxtərəfli siyasətləri əlaqələndirən geosiyasi bloka, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

Kazan sammiti ərəfəsində bir neçə ölkə, o cümlədən Azərbaycan BRICS formatına üzvlük üçün müraciət edib.

Sammitə ümumilikdə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin baş katibi Antonio Quterreş qatılıblar.