Tatarıstan rəhbəri Azərbaycana öz istehsalları olan avtomaşın hədiyyə edib
Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.
Dövlətimizin başçısı qardaş torpaqda olmaqdan məmnunluğunu bildirib və Tatarıstan Respublikasına əlamətdar hadisə – BRICS sammitinə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb: “Bu, Rusiya Federasiyası rəhbərliyinin respublikaya, şəxsən Sizə, Tatarıstan vətəndaşlarına xüsusi münasibətinin təzahürüdür, həmçinin Tatarıstanın Sizin rəhbərliyinizlə nail olduğu potensialın göstəricisidir. Çünki belə bir irimiqyaslı sammitin keçirilməsi, əlbəttə ki, tədbirlərin, dövlət başçılarının ikitərəfli görüşlərinin təşkili üçün resursların, infrastrukturun, o cümlədən mehmanxana şəbəkəsinin olmasını tələb edir”.
Prezident qeyd edib ki, Tatarıstan ilə Azərbaycan arasında münasibətlər Rusiya Federasiyasının və Azərbaycanın dövlətlərarası münasibətlərinin mühüm tərkib hissəsidir. İkitərəfli münasibətlərin dinamikası, o cümlədən Tatarıstan-Azərbaycan ikitərəfli formatı çox yaxşıdır.
Rüstəm Minnixanovun ötən il Azərbaycana, o cümlədən yenidən qurulan Cəbrayıl və Zəngilan rayonlarına səfərinin əhəmiyyəti vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevə Tatarıstanın “Dostluq” ordeni təqdim olunub. Qeyd edilib ki, dövlətimizin başçısı Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə təltif olunur.
Rüstəm Minnixanov həmçinin Tatarıstanda “Sollers” şirkətinin istehsalı olan üç “Sollers Atlant” avtomaşınının Azərbaycan Respublikasına hədiyyə edilməsi haqqında şəhadətnaməni Prezident İlham Əliyevə təqdim edib.
Azərbaycan Prezidenti Rüstəm Minnixanova təşəkkür edərək bildirib ki, Tatarıstan Respublikasının yüksək ordeni ilə təltif olunmaq böyük şərəfdir. O, ölkəmizə edilən hədiyyəyə görə də təşəkkürünü ifadə edərək bu avtomaşınların Tatarıstan rəhbərinin ötən il olduğu bölgələrə – Zəngilana və Cəbrayıla göndəriləcəyini deyib: “Orada onlara çox ehtiyac var”.
Qeyd edək ki, “Sollers Atlant” avtomobilləri 2022-ci ildən Tatarıstanın Alabuqa şəhərindəki zavodda istehsal olunur. Avtomobilin həm yük, həm də sərnişindaşıma modelləri var.