Oktyabrın 24-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) 530 illiyinə həsr olunmuş “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı keçirilib.
AMEA-nın Əsas binasında gerçəkləşən tədbiri giriş nitqi ilə M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli açıb. O, Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən təşkil olunan konfransın elmi əhəmiyyətini vurğulayıb. Füzulinin anadilli poeziyamızın başında duranlardan biri olduğunu söyləyən T.Kərimli onun türk xalqının dilinə yeni nəfəs gətirdiyini, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək zirvəyə yüksəltdiyini deyib.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Məhəmməd Füzulinin eşq fəlsəfəsindən və onun əsas mahiyyətindən danışıb.
Bildirib ki, türkdilli ədəbiyyatın görkəmli şairlərindən olan Füzulinin yaradıcılığı ümumilikdə bir eşq poeziyasıdır. Sənətkarın bədii irsinin mühüm qismini məhəbbət mövzulu əsərlər təşkil edir. “Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür. Şairin yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir”, – deyən Nadir Məmmədli ədibin varisliyinə, kökünə və dilinə bağlı sənətkar olduğunu vurğulayıb. Bildirilib ki, görkəmli dilçi-alim Əbdüləzəl Dəmirçizadə Məhəmməd Füzulini güclü söz hissi, söz duyumu olan həssas şair kimi xarakterizə edib.
Sonra professor Sayalı Sadıqovanın “Məhəmməd Füzuli əsərlərinin terminoloji leksikası” adlı məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, əsərlərini Azərbaycan, ərəb və fars dillərində yazmaqla və bu dillərdən bəhrələnməklə Azərbaycan ədəbi dilinin inkişafında Məhəmməd Füzulinin böyük rolu olub. Dahi sənətkar elmi fikirlərin inkişaf etdirilməsində, anlayışların ifadəsində dövrün elmi-fəlsəfi məktəblərinin ənənələrindən məharətlə istifadə edib. Qeyd olunub ki, Füzulinin əsərlərində insan həyatında dilin əvəzsiz bir nemət olduğu tərənnüm edilir, söz gözəlliyinin şeirdə xüsusi məna kəsb etdiyi vurğulanır.
Konfransda filologiya elmləri doktorları Zemfira Əliyevanın “Məhəmməd Füzuli yaradıcılığında konsept problemi”, Nərgiz Hacıyevanın “Məhəmməd Füzulinin anadilli qəzəllərinin dili”, filologiya üzrə fəlsəfə doktorları Elçin İsmayılovun “Məhəmməd Füzuli yaradıcılığında bədii ifadə vasitələri”, Sevinc Ağayevanın “Məhəmməd Füzulinin yaradıcılığında təbiət leksikası” və Aynur Mahmudovanın “Məhəmməd Füzulinin yaradıcılığında başlıqların semantik, funksional və üslubi xüsusiyyətləri” adlı məruzələri dinlənilib.