Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Vətən müharibəsinin şəhid polkovnik-leytenantı Vidadi Xəlilovun anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rəsmilər, ziyalılar, mədəniyyət işçiləri, şəhidin ailə üzvləri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra tədbir iştirakçıları Vidadi Xəlilovun həyat və döyüş yolundan bəhs edən videoçarxı izləyiblər.
Tədbirdə çıxış edənlər şəhidin qısa, lakin şərəfli həyat yolu barədə danışıblar. Bildirilib ki, Vidadi Xəlilov Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib. Oktyabrın 31-də Laçın rayonu ərazisində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Vidadi Xəlilov ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl, Qubadlı və Laçının azad olunmasına görə və “Hərbi xidmətlərə görə medallarına layiq görülüb.
Çıxışlardan sonra Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası müəllim və şagirdlərinin ifasında qəhrəman şəhidə həsr olunan şeirlər səslənib, musiqilər ifa olunub, kompozisiya təqdim edilib.