Oktyabrın 24-də “Landmark” kino klubunda Argentina Film Festivalının açılış mərasimi olub.
Tədbirdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi festival haqqında məlumat verib.
Səfir qeyd edib ki, bu festival Azərbaycan və Aregentina arasında mədəni körpü rolunu oynayır.
“Zəngin povesti və unikal perspektivi ilə Argentina kinosu şəxsiyyətimizə açılan pəncərəyə çevrilib. Bu, bizim tariximizi əks etdirir. Festival çərçivəsində göstərilən ekran əsərləri vasitəsilə tamaşaçılar cəmiyyətimizin apardığı mübarizə və uğurları bir daha dərindən araşdıracaqlar”,- deyə xanım diplomat əlavə edib.
Sonra Argentinalı rejissor Ariel Vinoqradın ekranlaşdırdığı “Əsrin oğurluğu” filmi nümayiş olunub.
2020-ci ilin istehsalı olan filmdə rolları aktyorlar Qilermo Fransella, Dyeqo Peretti, Luis Luk ifa ediblər.
***
“Azərbaycan və Argentina arasında gələcək üçün bir çox layihə planı var. Ən aktualı təhsil sahəsində əməkdaşlığa dair sazişdir. Hazırda bu sənədin imzalanması istiqamətində müəyyən işlər gedir”.
Bunu Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi söyləyib.
Səfirin sözlərinə görə, “Qanun” nəşriyyat evi ilə Azərbaycan dilinə Alexandra Laurensiçin müəllifi olduğu “Ağla gəlməyən gün” adlı növbəti əsər tərcümə olunur və yaxında təqdimatının reallaşdırılması nəzərdə tutulub.
“Biz Azərbaycan Dillər Universiteti ilə təcrübə proqramı ilə bağlı əlaqələr qururuq. Məqsəd tələbələrin səfirlikdə təcrübə keçməsinə şərait yaratmaqdır. Yeni layihələrdən biri də Azərbaycanda Beynəlxalq Tanqo Gününə həsr olunan gecənin təşkilidir”, - deyə diplomat əlavə edib.
Azərbaycan və Argentina arasında mədəniyyət sahəsində əlaqələrdən söhbət açan səfir deyib: “İki ölkə arasında qurulan diplomatik əlaqələr artıq 30 ildir davam edir. Bu illər ərzində mədəni sahədə uğurlu yol qət etmişik. Biz müxtəlif mövzulu sərgilər, beynəlxalq tanqo festivalı keçirmişik. Azərbaycan Dillər Universitetinin Argentina kafedrasının dərslərində müntəzəm olaraq iştirak edirik. Həmçinin argentinalı müəlliflərin əsərləri Azərbaycan dilinə tərcümə olunur. Bu il Ekspo Mərkəzində təşkil olunan X Bakı Beynəlxalq Kitab Sərgisində Latın Amerikası ölkələri ilə birgə stendimizlə iştirak etdik. Təəssüratlarımız müsbət yöndədir”.