23-25 oktyabr tarixlərində Mumbay şəhərində XI Hindistan Beynəlxalq Film Turizmi Konqresi (IIFTC - India International Film Tourism Conclave) keçirilib.

Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, İspaniya, Slovakiya, Norveç və digər ölkələrdən film komissiyalarının yer aldığı tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) də iştirak edib.

Ölkəmizdən “Filmlab.az”, “Filmbridge Azerbaijan”, “CNF” və “Ultra Production” şirkətləri IIFTC-də tədbirə qatılıb.

Builki konqres ölkəmiz üçün xüsusilə yaddaqalan olub. Tədbirin mükafatlandırma mərasimində ilin nəticələrinə əsasən, Azərbaycan Hindistandan rejissor və prodüserlər üçün ilin ən populyar çəkiliş məkanı elan edilib.

IIFTC konqresinin rəhbəri Harşad Bhaqvat çıxışında vurğulayıb ki, son illərdə Azərbaycan ən çox tələb görən çəkiliş məkanlarından birinə çevrilib.

Azərbaycan nümayəndə heyəti tədbirdə ölkə mədəniyyətinin təbliği, yaradıcılıq sahələrinin inkişafına dəstək, həmçinin kino potensialımızın beynəlxalq səviyyədə tanıdılması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi məqsədilə bir sıra görüşlər keçirib. Görüşlərdə ölkəmizin həm film çəkilişi məkanı kimi, həm də birgə film istehsal ilə bağlı müzakirələr aparılıb.

Bildirək ki, son iki ildə ölkəmizdə həyata keçirilən "Yaradıcı Azərbaycan" proqramı çərçivəsində müxtəlif layihələrin icrası, Film komissiyasının fəaliyyətinin canlandırılması, xarici istehsalçıların Azərbaycanda çəkilişlərə cəlb olunması yerli kino sənayesinin də inkişafı ilə bağlı əhəmiyyət kəsb edir.