“Sərmayəçilər daha çox üçulduzlu hotel inşa etməyə diqqət yetirməlidirlər. Bu daha geniş təbəqəyə xidmət göstərməyə imkan verər”

Hazırda yay turizm mövsümü ilə əlaqədar monitorinqlər davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, monitorinqlər üç istiqamət üzrə aparılır.

Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri monitorinqlər zamanı istirahət mərkəzlərinin fəaliyyətinin mövcud qaydalara uyğun olub-olmaması təhlil edilir.
Nazir qeyd edib ki, ötən il 6-7 şirkət və hotelin lisenziyası ləğv edilib. “Bakı-2015” Avropa Oyunlarına hazırlıq dövründə isə turizm müəssisələrinin lisenziyalaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşılır: «Bizim məqsədimiz odur ki, Avropa Oyunlarına qədər Azərbaycanda bütün hotellər lisenziyalaşdırılmış olsun».
Əbülfəs Qarayev turizm sahəsində fəaliyyət göstərən bəzi sahibkarların bu işə məsuliyyətlə yanaşmadığını da diqqətə çatdırıb. Odur ki, bununla bağlı əlavə inzibati tədbirlərin görülməsinə ehtiyac var: «Əgər onlar bizim tövsiyələrimizi yerinə yetirmirlərsə, deməli, biz daha güclü inzibati tədbirlər görməliyik».
Son illər turizm sahəsinin sürətli inkişafı, Bakıda və regionlarda geniş infrastrukturun yaradılması ölkəyə gələn turistlərin sayına da əhəmiyyətli təsir göstərir. Nazir qeyd edib ki, növbəti beş ildə Azərbaycana gələn turistlərin sayının təqribən 3,5-4 milyona çatdırılması əsas hədəfdir: «Əgər 2001-ci ildə Azərbaycana 400 min turist gəlirdisə, indi 2,5 milyon turist gəlir. Son 10-12 ildə turistlərin sayında artım qeydə alınıb. Ancaq bu gün turistlərin sayında 50 və ya 100 faiz artımın olmasını da gözləmək lazım deyil, çünki hotellərimiz 5 milyon turisti qəbul etməyə hazır deyil”.
Əbülfəs Qarayev turizm xidmətlərinin baha olması barədə fikirlərə də münasibət bildirib: “Bu mövzu bizi də maraqlandırır, amma qiymətləri bazar müəyyənləşdirir. Dövlətin qanunvericiliyində nəzərdə tutulmayıb ki, nazirlik qiymətləri müəyyənləşdirsin, desin ki, bu otağın, yaxud xidmətin qiyməti bu qədər olsun. Bunu bazar özü tənzimləyir. Lakin biz ona nail olmuşuq ki, üç il əvvəlki dövrlə müqayisədə qiymətlər təqribən 20 faiz enib. Bu günə qədər həmin qiymətlərdə artım baş verməyib. Bu, sektorda stabil qiymət siyasətinin olmasından xəbər verir».
Nazir onu da deyib ki, hazırda Azərbaycanda üçulduzlu hotellərin sayı o qədər də çox deyil. Bu, sərmayəçilərin fəaliyyətindən asılıdır: «Bu gün Azərbaycanda dörd və beşulduzlu hotellərin sayı kifayət qədərdir. Ona görə də sərmayəçilər daha çox üçulduzlu hotel inşa etməyə diqqət yetirməlidirlər. Bu, öz növbəsində daha geniş təbəqəyə xidmət göstərməyə imkan verər».

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar