Rayona gələn turistlərin 40 faizini əcnəbilər təşkil edir

Gözəl təbiətə, zəngin maddi-mədəniyyət nümunələrinə malik İsmayıllı rayonu ölkənin turizm potensialı yüksək olan bölgələrindəndir. Qədim zamanlardan xalq sənətkarlığının inkişaf etdiyi Lahıc və Basqal qəsəbələri bu gün hər kəs üçün son dərəcə ecazkar məkana çevrilib. Lahıc tarix-mədəniyyət qoruğu ərazisində 108, Basqalda isə 23 tarixi abidə mühafizə edilir. Ümumiyyətlə, bölgədə 233 tarix-mədəniyyət abidəsi var.
Dağlar qoynunda yerləşən İsmayıllı ərazisindəki çaylar, Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərindəki füsunkar şəlalələr, təbii göllər turistlərin maraq göstərdiyi məkanlardır.
Rayonda yeni istirahət mərkəzlərinin yaradılması istiqamətində ardıcıl işlər görülür. Hazırda İsmayıllıda 23 istirahət mərkəzi fəaliyyət göstərir. 202 yerlik «Şeraton» hotel kompleksinin tikintisində tamamlanma işləri aparılır. Yeni marşrutların yaradılması istiqamətində işlər davam etdirilir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Millenium Tourism Congress DMC» şirkətinin təşkilatçılığı ilə «Azərbaycanda yeni turist marşrutlarını kəşf edək!» infotur layihəsi əsasında «Qırxotaq əfsanəsi» və «Fit dağı əfsanəsi» adlı yeni turizm marşrutları açılıb.
Turizm obyektləri üçün peşəkar kadrların hazırlanması xüsusi diqqət mərkəzindədir. Hazırda İsmayıllıda fəaliyyət göstərən peşə tədris mərkəzində sektor üçün kadrlar hazırlanır.
Rayonda yol infrastrukturu təzələnir, şəhər və kəndlər abadlaşdırılır. Bütün bunlar bölgəyə turist axının artmasına səbəb olur. Son 5 ildə İsmayıllıya gələn turistlərin sayı 15 min nəfərdən 81 min nəfərə çatıb. Onların təxminən 40 faizi əcnəbi turistlərdir.

Fəxriyyə Abdullayeva