İnsan istədiyi hər şeyi edə bilər, amma hər şeyi istəyə bilməz. O, yaradılışından həm azad, həm də qadağalar dolu dünyanın məhbusudur. Hər zaman istədiklərini düşünməkdə sərbəst, realizədə isə...

Hər şey bu qədər aydındırsa, daxilən niyə daim mübarizə apardığımızı zənn edirik? Onsuz da sonda çoxumuz Heminqueyin “Qoca və dəniz”inin qəhrəmanı kimiyik. Qoca dənizçi 84 dəfə dənizdən əliboş qayıtmışdı. O, 85-ci gün, nəhayət, balıq tutur. Nə qədər çalışsa da, tutduğu balığı sahilə gətirə bilmir. Səhər açılanda yenə dənizə çıxır. Özü ilə, dənizlə, lap sudan çıxınca öləcək balıqla barışmaq üçün. Ağır mətləbdir. Heminquey deyir ki, insanı öldürmək olar, amma məğlub etmək mümkün deyil.

Bu mənada biz, əslində, təslim olanda, ya da günahlarımızla barışmayıb, daha böyük günahlar işlədəndə öz gücümüzü və həm də nə qədər gücsüz olduğumuzu anlayırıq. Özümüzə qayıtmaq üçün yola çıxırıq. Hesab edirik ki, Yaradandan göndərilən bütün vasitələr əlinizdən tutacaq. Amma o “əl” sizi ya işığa aparacaq, paklayacaq, ya da sıx meşədə azdırıb, gözlərinizi tökəcək. O zaman köməyinizə gələn olmayacaq. Süleymanı unudan Tanrı quşu kimi...

Zəngin yaradıcılıq yolu və aktyor heyəti ilə daim diqqəti cəlb edən, bölgə teatrları içərisində öz dəst-xəttini qoruyub saxlamağı bacaran Lənkəran Dövlət Dram Teatrının kollektivi iki gün paytaxt Bakıda qastrolda oldu. Akademik Milli Dram Teatrının səhnəsində “Tanrı quşu gəlmədi” (29 oktyabr) və “Casus” (30 oktyabr) oynanıldı.

Birinci tamaşa teatrın premyerasıdır. Nümayiş Akademik Milli Dram Teatrının “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində gerçəkləşdi  və layihəyə digər teatrlar da qoşulacaq.

Bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, gənc rejissorların quruluş verdiyi tamaşaları paytaxt tamaşaçılarına təqdim etmək məramlı layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Gələk tamaşaya. Gənc yazıçı Cavid Zeynallının “Tanrı quşu gəlmədi” pyesi əsasında Lənkəran teatrının baş rejissoru Anar Babalının quruluş verdiyi bu nümunə günah, qisas və yalan haqqında hesablaşma da hesab oluna bilər.

Psixoloji dram janrındakı ikihissəli tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Aydan Əliyevadır. Tamaşada istifadə olunan mahnının sözləri Banu Muharremindir.

Rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Elçin Hacı, Əlizamin Abbasov və İmaməli Əsgərov oynayırlar.

Tamaşanın annotasiyasında da qeyd olunduğu kimi, “Tanrı quşu gəlmədi” öz ilkin və həqiqi mahiyyətindən qopan, mənəvi xilasını keçmişdə, uşaqlığında axtaran Süleyman Əfəndiyevin faciəvi taleyindən bəhs edir.

Doğulduğu kənddə onun bütün keçmiş günahlarından xəbərdar olan sonuncu adam öləndən sonra Süleyman (Q.Quliyev) kəndə qayıtmağa qərar verir. Burada onu çox şey gözləyir: doğulduğu və indi ömrünün ixtiyar çağında sığınmaq istədiyi ev, doğmalarının xatirəsi, həyatını məhv etdiyi qadının qisası, ondan üz döndərən Tanrı quşu...

Süleymanın övladlığa götürülmüş (əslində isə doğma) içki düşkünü oğlu Mustafa (S.Əzimzadə) isə evin satılmasının, onun kəndə qayıtmağının əleyhinədir. Evdə bir də illərdir övlad həsrəti ilə yaşayan və bütün gəncliyini əyyaş ərə fəda etdiyini anlayan, amma Süleyman dədəyə görə evdə qalan, Mustafadan boşanmayan, bəlkə də gedəcək yeri olmayan Aynur (G.Kərimova) var. Ailənin həkim dostu, Mustafanın tək arxalandığı Toğrul (E.Hacı) da bu ailənin qaranlığına işıq sala bilmir.

Məişət məsələsi kimi sadə görünən bu alqı-satqı konflikti tamaşada bir çox həqiqətlərin – yalan və günahların üzərini işıqlandırır, sevgidən doğulmayan insanın bədbəxtlik girdabında necə çırpındığını tamaşaçıya göstərir.

Süleyman son arzusuna çatır: kəndə qayıdır. Amma həyatının acı həqiqətləri ilə üz-üzə qalır. Onun yolunu gözləyən Əlamət qarı (Q.Quliyeva) ona bütün həqiqəti danışır. Zorakılıqdan doğulan Mustafanın Süleymanın doğma oğlu olduğunu deyir. Həqiqətin ağırlığından sarsıntı keçirən Süleyman ölümü axtarır. Tanrı quşunun sorağı ilə ölümünə gedir və qovuşmaq istədiyi Tanrı quşunun qurbanına çevrilir. Əlamət qarı da, Süleyman da – Mustafanı sevgisiz buraxan iki günahkar da ölür. Amma Mustafa yenə günahkardır. Çünki arvadının bətninə düşən uşaq da onun kimi sevgisiz, arzusuz peyda olub. Deməli, mütləq bir günah və ondan arınmaq hissi peyda olacaq. Onu yumaq üçün də quş, ağac, ya da hansısa başqa büt seçiləcək. Sonda tapınılan büt ona tapınanı qurbana çevirəcək.

Tamaşa boyu seçilmiş Tanrı quşu bizə, əslində, vicdan obrazını təqdim etdi. İnsanın vicdanı nə zaman oyanır? Haqqı axtaranda. Süleyman o haqqı tapdımı? Tapdı. Quş dilini bilməsə də, öz həqiqətini ona izhar elədi. Cavabında isə cəzasını aldı...

Tamaşanın quruluş həlli və aktyor ansamblı haqqında qısaca onu deyə bilərəm ki, nümunənin quruluşu natamam idi və rejissor onu bir aktyorun oyunu prinsipi ilə işləyib. Səhnənin texniki imkanlarından aktyor potensialına bölgü prinsipi isə, demək olar ki, unudulub. Kəskin səslənə bilər, amma mən Q.Quliyevin ifasında gözəl bir radiotamaşa, Q.Quliyevanın ifasında isə təsirli psixoloji monooyun izlədim...

Həmidə Nizamiqızı